
Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Italiyanın Milan şəhərindəki "Cüzeppe Meatsa” stadionunda keçiriləcək "İnter” – "Qarabağ” qarşılaşmasını təcrübəli mütəxəssislərimiz də dəyərləndiriblər. Sportnet.az həmin fikirləri təqdim edir.
Şahin Diniyev: "Mən də sizin kimi həyəcanlıyam. İstəyirəm ki, komandamız yaxşı çıxış edib uğurlu nəticə qazansın. "İnter” adlı-sanl rəqibdi, çox ciddi komandadır. Məni oyunun nəticəsindən çox keyfiyyəti maraqlandırır. "Qarabağ” qrupa düşməklə artıq adından söz etdirib. Amma necə deyərlər, iştah diş altında olur, arzu edək ki, yaxşı nəticə ilə qayıtsınlar. Hansısa konkret fikir irəli sürmək çətin məsələdi, əlbəttə, reallığa qalsa, İtaliya futbolu ilə Azərbaycan futbolunun fərqindən danışmaq yersizdi. "İnter”in adı gəlirsə, artıq aydın məsələdir. Lakin istənilən halda bu, futboldur, hər şey ola bilər. "Qarabağ”ın son oyunları belə deməyə əsas verir ki, komanda istənilən rəqibə müqavimət göstərmək gücündədir ”.
Ağasəlim Mircavadov: "Evdə, yaxud səfərdə çıxış etməsindən asılı olmayaraq, "Qarabağ” öz oyununu oynamalıdır. Bu mərhələyə hansı formada gəliblərsə, necə oynayıblarsa, elə də davam etməlidirlər. "Sent Etyen”lə oyunun ardıcıllığı olmalıdı, amma... Amması budur ki, diqqəti əldən vermək olmaz. "Qarabağ” maksimum çalışmalıdır ki, rəqibi mərkəzdə qarşılasın, topla çox hərəkət etsin. Mərkəzdə top uğrunda konkret mübarizə aparmalıdırlar, bu, birinci şərt. İkinci, müdafiəçilər arxa xətdə rəqibə boşluq yaratmamalıdırlar. Və üçüncü amil, mən deyərdim ki, standart vəziyyətlər zamanı çox diqqətli olmalarının vacibliyidir. Çünki "İnter” kimi komandalar belə situasiyalardan çox vaxt yaxşı istifadə edirlər. Oyuna proqnoz vermirəm, əgər öz oyunlarını göstərsələr, xal da qazanacaqlar”.
Vaqif Sadıqov: "Qarabağ” qrup mərhələsinə vəsiqə qazanmaqla böyük bir uğura imza atıb. Birinci oyunda da çox məzmunlu, gözəl futbol nümayiş etdirdilər. Bu, imkan verir ki, qrupda favorit sayılan "İnter”ə qarşı matçda komanda yaxşı nəticə qazansın. Komandamızın əzmkarlıq göstərib hamımızı sevindirəcəyinə ümid edirəm. Düzdü, bizi çox çətin oyun gözləyir. Baxmayaraq ki, komanda İtaliya A Seriyasının son turunda böyük hesabla uduzdu. Amma istənilən halda "İnter” "İnter”dir, adı-sanı, səviyyəsi var. Əksinə, son turdakı məğlubiyyətə görə onlar "Qarabağ”la oyunda qalib gəlib azarkeşləri qarşısında bəraət qazanmağa çalışacaqlar. Buna rəğmən, əvvəl də dediyim fikri təkrarlamaq istəyirəm, "Qarabağ”ın üstünlüyü bundadır ki, meydan amilindən, rəqibdən asılı olmayaraq, komanda oyuna rahat, təzyiqsiz çıxır, çox yaxşı motivasiya olurlar. İnanıram ki, bu gün sevinən tərəf biz olacağıq. Bu, bizim çoxdankı arzumuz, istəyimizdir. Proqnoz verməyi xoşlamıram, ümumiyyətlə, mütəxəssislər proqnoz verəndə "yanırlar”.
Əsgər Abdullayev: "Çox güclü rəqibə qarşı oynayacaqlar. Komandamıza uğurlar arzulayıram. "İnter” son illər qeyri-stabil oynasa da, qrupun favoritidir. "Qarabağ”ı çox çətin oyun gözləyir. Proqnoz verməklə aram yoxdu, hər halda komandamızdan yaxşı nəticə gözləyirəm. Bilirsiz necədi, bir oyun digərinə bənzəyə bilməz. Əgər "İnter” daxili çempionatda son turda böyük hesabla uduzubsa, bu, o demək deyil ki, həmin oyunu "Qarabağ”la matçda da görəcəyik. Hər bir oyun üçün məşqçinin ayrı taktikası olur. Əlbəttə, məğlubedilməz komanda yoxdur, "İnter” də həmçinin. Amma düzünə qalsa, italyanlar güclü rəqiblərdir”.
Kazbek Tuayev: "Bilirsiniz ki, "İnter” İtaliya A Seriyasının son turunda öz evində "Kalyari”yə böyük hesabla məğlub olub. Belə vəziyyətdə "Qarabağ”ın əla imkanı var. İstifadə edə bilməsələr, bir daha belə fürsət ələ düşməyəcək. Çünki özündən zəif rəqibə böyük hesabla uduzmuş komandada ab-hava, əhval-ruhiyyə yerində olmur. Kollektivdə ruh düşkünlüyü yaranır. Bundan maksimum yararlanmaq lazımdır. Həmişəki oyununu göstərsə, "Qarabağ” da onları cəzalandıra bilər. Komandamız kombinasiyalı oynayır, müdafiədə etibarlı təsir bağışlayır. Qurban Qurbanov əks-hücumlarda 4-5 futbolçudan yararlansa, şansları daha böyük olacaq”.
Elvin ƏHƏD