
"Yenidən Azərbaycanda olmaqdan məmnunam". Sportnet.az-ın məlumatına görə, bunu azərbaycanlı jurnalistlərə müsahibəsində Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov deyib.
O, Bakıda Qran-Pri turnirini yüksək səviyyədə təşkil etdiyi üçün Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Şahmat Federasiyasına təşəkkür edib: "FİDE-yə 181 ölkə üzv olub. Amma yalnız Azərbaycanda şahmatın inkişafına görə Dövlət Proqramı var. Bu proqram 2009 - 2014-cü illəri əhatə edir. Dövlət Proqramı müvafiq strukturlar tərəfindən yerinə yetirildi. Azərbaycan mötəbər yarışları qəbul etdi. Eyni zamanda yığmanız iki dəfə Avropa çempionu olub. Nəticələr hamıya məlumdur. Yəqin, yaxın aylarda Azərbaycan prezidenti İlham Əliyevlə görüşümüz olacaq və orada mən Dövlət Proqramının vaxtının uzadılması barədə danışacağam. Gələn il Bakıda Dünya Kuboku var, 2016-cı ildə şahmat olimpiadası keçiriləcək. Dövlət Proqramının daha 5 il müddətinə artırılması şahmatın inkişafını daha da sürətləndirəcək".
İlümjinov oktyabrın 17-də Ermənistana səfər edəcəyini və orada yerli şahmat qurumunun rəsmiləriylə görüşəcəyini bildirib: "Serj Sarkisyanla görüşümdə Bakıda keçiriləcək Dünya Kuboku və Ümumdünya Şahmat Olimpiadası barədə danışacağam. FİDE böyük ailədir. Biz istəyirik ki, Ermənistan yığması Bakıda keçiriləcək olimpiadada, onların şahmatçıları isə 2015-ci ildə baş tutacaq Dünya Kubokunda iştirak etsin. Bununla bağlı müzakirələrimiz olacaq. Ötən dəfə Ermənistanda olarkən bir daha bildirmişdim ki, onlar Dünya Kuboku və şahmat olimpiadasında iştirak etməlidir. Biz bütün komandaların turnirdə mübarizə aparmasını istəyirik".
Qeyd edək ki, Azərbaycan Ermənistan komandasının təhlükəsizliyinə dövlət səviyyəsində zəmanət verib.