Rusiyanın 19 yaşadək futbolçulardan ibarət milli komandası İngiltərənin "North West Counties" liqasının I divizionunda çıxış edən "Çidl Taun"a əməlli-başlı işgəncə verib. Sportnet.az-ın məlumatına görə, şimal qonşularımız britaniyalıların qapısından 22 cavabsız top keçiriblər.
Yoldaşlıq görüşü Mançester yaxınlığındakı təlim-məşq toplantısı çərçivəsində baş tutub. Oktyabrın 9-da Şimali İrlandiyada start götürəcək Avropa çempionatının seçmə mərhələsinə hazırlaşan yığma qolları sıralamaqdan, "Çidl Taun" isə "twitter" hesabı vasitəsilə mətn yayımı aparmaqdan zövq alıb.
İngiltərə klubu hətta küncdən zərbə yerinə yetirmələrinə də sevinib.
Qeyd edək ki, bu, "Çidl Taun"un tarixi ərzində ən böyük hesablı məğlubiyyət olub. İngiltərə təmsilçisi əvvəllər də güclü rəqiblə üz-üzə gəlib. Mövsüm öncəsi bu komanda Rumıniyanın "Dinamo" (Buxarest) komandasına 0:5 hesabı ilə uduzub. Rusiyaya ağır məğlubiyyətdən sonra "Çidl Taun"un yenidən güclü rəqiblərlə yoldaşlıq görüşü keçirib-keçirməyəcəyi hələ bilinmir.