
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama matçını keçirib. Sportnet.az-ın məlumatına görə, rəqib Qananın eyni yaş üzrə yığması olub.
Türkiyənin Antalya bölgəsindəki "Susesu" otelinin futbol meydanında baş tutan qarşılaşma afrikalıların qələbəsi ilə yekunlaşıb - 2:1. Azərbaycan yığmasının heyətində yeganə qolu 33-cü dəqiqədə Azad Kərimov vurub.
Görüşü AFFA-nın baş katibi Elxan Məmmədov, "Sumqayıt" klubunun prezidenti Kamran Quliyev, Azərbaycanın əsas yığmasının baş məşqçisi Robert Prosineçki və köməkçiləri, eləcə də bir qrup menecer izləyib. Görüş yağışlı hava şəraiti altında baş tutub.
Bu, Yaşar Vahabzadənin rəhbərlik etdiyi komandanın Antalya toplanışı çərçivəsində ikinci yoldaşlıq görüşü olub. İlk qarşılaşmada milli Qazaxıstan "Atırau"sunu yenib - 2:1.
18:00. AZƏRBAYCAN U-21 - Qana U-21 - 1:2
Qollar: Azad Kərimov, 33.
AZƏRBAYCAN: 1. Şahruddin Məhəmmədəliyev, 15. Cəmil Hacıyev, 20. Azər Salahlı, 16. Elnur Cəfərov, 3. Azad Kərimov, 6. Vüqar Mustafayev, 17. Tellur Mütəllimov, 2. Ramil Məmmədov, 7. Taşkın İlter, 10. Coşqun Diniyev, 9. Orxan Əliyev
Ehtiyat oyunçular: 12. Rəşad Əzizli, 19. Fuad Bayramov, 5. Elvin Bədəlov, 18. Vadim Abdullayev, 4. Abbas Hüseynov, 23. Dəniz Topçu, 21. Elvin Camalov.
Oyun öncəsi yağan leysan yağışı üzündən matçın baş tutması sual altında olub. Amma artıq yağış tam kəsib. Bununla belə, görüş 10 dəqiqəyədək gec başlayıb.