
Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov yığmanın bugünkü açıq məşqindən öncə brifinq keçirib. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Hazırlıqlar necə gedir: Komandada ab-hava necədir?
- Bizi Malta yığması ilə çətin oyun gözləyir. Komandada ab-hava yaxşıdır. Var gücümüzlə bu oyuna hazırlaşırıq. Baş məşqçi təzədir və istəyirik ki, ondan nəsə öyrənək. Əsas evdə qalib gəlməkdir. Bundan sonra digər oyunlar haqda fikirləşmək olar.
- Fikrinizcə Maltaya qalib gəlmək olar?
- Maltanı evdə yenmək olar. Ancaq bu, futboldur və sürprizlər olur. Əgər rəqibi saymayıb meydana çıxsaq, xal itirə bilərik. Bu səbəbdən, rəqibə ciddi yanaşmaq lazımdır. Çıxıb öz oyunumuzu sərgiləsək, 3 xal qazanmaq mümkün olacaq.
- Futbol sürprizlərlə doludur və hər bir nəticə qeydə alına bilər. Ancaq azarkeşlər qələbədən başqa heç bir nəticəni qəbul etməyəcəklər...
- Bunu bilirik və bu oyunda qələbə qazanmaq, azarkeşləri yenidən stadiona qaytarmaq istəyirik. Bilirik ki, azarkeşlər bizdən inciyib. Onları yenidən qaytarmaq üçün qələbə lazımdır.
- Malta yığması haqqında hansısa məlumatınız var?
- Bu gün onlar Gürcüstan yığması ilə oynayırlar. Sabah isə baş məşqçi rəqib haqda ətraflı məlumat verəcək. Yoldaşlıq görüşündə onları udmuşduq (3:0). Ancaq həmin oyundan xeyli vaxt keçib və çox şey dəyişib.
- Robert Prosineçki ilə Berti Foqts arasında hansı fərqli cəhətlər var?
- Prosineçki hücumameylli futbola üstünlük verir. Foqts isə müdafiədən başlamaq istəyirdi.
- Oyuna tam hazırsan?
- Bəli, bundan əvvəlki oyunda dizimdə bir az ağrı vardı. İndi isə yaxşıyam. Baş məşqçi məsləhət görsə, çıxıb oynayacağam.