Türkiyə I Liqasının lideri "Kayserispor" gələn mövsüm Super Liqada çıxış edəcək. Sportnet.az-ın məlumatına görə, bu, mövsümün başa çatmasına 3 tur qalmış "sarı-qırmızılar"ın ən yaxın izləyicisi "Adana Dəmirspor"un xal itirməsindən sonra dəqiqləşib.
Qaydalara əsasən, Super Liqaya I Liqanın 2 ən güclü komandası birbaşa vəsiqə qazanmalıdır. Hazırda "Kayserispor"un 63, 3-cü pillədəki "Adana Dəmirspor"un 56 xalı var. Amma 2-ci pillədəki 57 xala malik "Osmanlıspor" gələn tur məhz "Adana Dəmirspor"la üz-üzə gələcək. Bu zaman komandalardan biri istər-istəməz xal itirəcək. Nəticədə adanalıların Kayseri təmsilçisinə çatması müşkülə çevriləcək.
Qeyd edək ki, "Kayserispor" bir illik fasilədən sonra Super Liqaya qayıdıb. Hazırda komandanın qapısını Azərbaycan millisinin qolkiperi Kamran Ağayev qoruyur.