![](https://sportnet.az/uploads/posts/2025-02/1739188846_hy.jpg)
"Azərbaycan Böyük Dəbilqə turnirinə yüksək səviyyədə hazırlaşıb. Burada 40-dək ölkənin cüdoçuları yarışacaq".
Sportnet.az xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli deyib.
Pekin-2008 Yay Olimpiya Oyunlarının qızıl medal sahibi Böyük Dəbilqənin cüdoçular üçün sınaq yarışı olacağını bildirib: "Bu, bizim millimiz üçün ilin başlanğıcıdır. Olimpiadadan sonra bəzi idmançılar əməliyyat olunmuşdu, zədəli olan var idi. Onlar artıq bərpa prosesi keçiblər. Bu turnir bizim üçün sınaq olacaq. İl ərzində Avropa və dünya çempionatlarında iştirak etməliyik. Ona qədər bir neçə yarışda qüvvəmizi sınayacağıq".
E.Məmmədli Böyük Dəbilqədə mübarizənin yeni cüdo qaydaları ilə aparılacağını xatırladıb: "Builki yarışlarda bəzi qayda dəyişikləri təsdiqlənib. Federasiya olaraq, cüdoçularımıza bunların hamısı haqqında ətraflı məlumat vermişik".
36 yaşlı keçmiş Bakıya gələcək Yaponiya milli komandası barədə də danışıb: "Paris-2024 Yay Olimpiya Oyunlarında qazandığımız iki qızıl medaldan sonra Yaponiya milli komandasının Azərbaycana böyük marağı var. Yaponiyalılar bu cür turnirlərə nadir hallarda tam heyətlə qoşulsalar da, Bakıya əsas komandanın bütün üzvləri ilə gələcəklər. "Gündoğar ölkə" Azərbaycanda cüdonun inkişafı ilə yaxından tanış olmaq istəyir".
Federasiya rəsmisi Böyük Dəbilqədə Azərbaycan yığmasının tam heyətlə təmsil olunmayacağını da diqqətə çatdırıb: "Ötən həftə Parisdə keçirilmiş Böyük Dəbilqədə tam heyətlə iştirak etməsək də, 1 qızıl və 2 bürünc medal qazandıq. Bakıdaki yarışda da əsas cüdoçularımızdan Hidayət Heydərov, Zelim Kotsoyev və Elcan Hacıyev yarışmayacaq. Düşünürəm ki, onlar Avropa və dünya çempionatlarında bizə qoşulacaqlar".
Qeyd edək ki, Böyük Dəbilqə 14 - 16 fevralda Milli Gimnastika Arenasında keçiriləcək.