
"İnter"in baş məşqçisi Kaxaber Tsxadadze Avropa Liqasının II təsnifat mərhələsində İsveçin "Elfsborq" klubu ilə cavab görüşündən öncə mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, gürcüstanlı mütəxəssis bunları bildirib:
"Qarabağ" klubunu və hər kəsi qələbə münasibəti ilə təbrik edirəm. Biz səfərdə yaxşı oyun göstərdik və layiqli qələbə qazandıq. İlk dəfə olaraq yaxşı şansımız var ki, ikinci mərhələni keçək. Sabahkı oyunda səfərdə oynadığımız kimi oyun göstərsək, inanıram ki, növbəti mərhələyə vəsiqə qazanacağıq. Buna şansımız var, ancaq yaxşı hazırlaşmalıyıq".
- İstər heyət, istərsə oyun üslubu baxımından hansısa dəyişiklik olacaq?
- Bu dəfə evdə oynayırıq. Rəqib hücuma 6-7 futbolçu ilə keçir. Bu səbəbdən də bacardığımız qədər qapımızdan uzaqda oynamalıyıq. Heyətə gəldikdə isə ciddi dəyişiklər gözlənilmir. Hətta ilk oyunla müqayisədə heç bir dəyişikliyin baş verməməsi mümkündür.
- Siz komandaya yeni futbolçunun lazım olduğunu bildirmisiniz. Ancaq klub prezidenti Georgi Nikolov deyib ki, belə bir şey olmayacaq. Hələlik Nikolovun dediyi öz təsdiqini tapır...
- Onu qeyd etmək istəyirəm ki, komandanın güclənməyə ehtiyacı var. Bunun üçün bir çox səbəblər var. Onları burada açıqlamaq istəmirəm. Komandanın yeni gücə ehtiyacı var. Mənim sabahkı oyunda əvəzedici heyətdən 2 futbolçum olacaq.
- Elvin Məmmədovdan başqa zədəli futbolçu var? Və rəqib baş məşqçi deyib ki, Bakıya sürprizlə gələcəklər...
- Elvindən başqa heç kimin zədəsi yoxdur. Güman ki, sürpriz deyəndə ev tapşırıqların nəzərdə tuturlar. Onların güclü mərkəz yarımmüdafiəçiləri var və sona qədər mübarizə aparan komandadır.