Bu gün Rio-de-Janeyroda XXXI Yay Olimpiya Oyunlarına rəsmən start veriləcək. Sportnet.az-ın məlumatına görə, açılış mərasimi Bakı vaxtı ilə saat 03:00-da start götürəcək.
XXXI Yay Olimpiya Oyunlarında 206 ölkə iştirak edəcək. Braziliyada 11 min idmançı 306 dəst medal uğrunda mübarizə aparacaq.
Olimpiadaya ən çox idmançı ilə qatılan ölkə statusu ABŞ-dadır. Bu ölkə Rio-de-Janeyroda 550 idmançı ilə təmsil olunacaq. Ən az idmançı sayı isə Tuvalunun aktivinə yazılıb - 1 idmançı. Azərbaycan olimpiadada 56 idmançı təmsil olunacaq
Rəsmi açılışın bu gecə olmasına baxmayaraq, artıq olimpiadaya futbol matçları ilə start verilib. Açılış mərasimindən əlavə gecədə kamandan oxatma yarışları da keçiriləcək. Avqustun 6-dan isə digər idman növlərində mübarizəyə start veriləcək.
Dörd ilin yarışı ilə ən tez vidalaşacaq idmançılar şosse velosipedində qüvvəsini sınayanlar olacaq. Adıçəkilən bu yarış avqustun 10-da yekunlaşacaq. Ən qısa müddətli yarışlar isə dağ velosipedi, üzgüçülük, batut gimnastikası və triatlon olacaq. Bu idman növləri üzrə yarışlar 2 gün davam edəcək. Avqustun 6-dan olimpiadanın son gününə qədər davam edəcək yarışlar isə basketbol, boks, həndbol və voleybol üzrə olacaq.
Yarışlar "Marakana" Stadionu, Sambodrom Meydanı, Joao Avelanj adına Olimpiya Stadionu, "Flamengo Park", Rio -de-Janeyro Sərgi Mərkəzi, Mane Qarrinça Milli Stadionu, HSBC Arena, Rodrigu-di-Freytaş Su Anbarı, Rio Olimpiya Arenası, "Pontal" müvəqqəti çimərlik obyekti, Rio Olimpiya Velodromu, Mariya Lenk Su idmanı Mərkəzi, "Gənc Arena", Tennis Mərkəzində keçiriləcək.
Rio-2016-ya avqustun 21-də yekun vurulacaq.