Qadln güləş yığmamızın lideri Mariya Stadnik Azərbaycan Olimpiya yığması tarixində yeni rekordçu olub. Sportnet.az-ın məlumatına görə, 28 yaşlı güləşçi 3 dəfə Olimpiya mükafatını qazanan ilk idmançımız kimi adını tarixə yazdırıb.
Bu, Stadnikin "Rio-2016" Yay Olimpiya Oyunlarında finala çıxması ilə reallaşıb. Mariya həlledici görüşdə uduzsa belə, ən azı gümüş medal qazanması indidən dəqiqləşib. O, qələbə seriyasını finalda da davam etdirərsə, ilk dəfə Olimpiya çempionu olacaq.
Stadnik bundan öncəki 2 olimpiadada da fərqlənib. Belə ki, milliləşdiriən ukraynalı legioner "Pekin-2008"də bürünc, "London-2012"də gümüş medal qazanıb. Yay Olimpiya Oyunlarında yüksəliş xətti ilə hərəkət edən Mariya üçün bu dəfə növbə qızıl medal qazanmaqdır.
İndiyədək Olimpiya mükafatçılarımızdan Stadnik daxil olmaqla 5 nəfər 2 dəfə medalçı olub. Bunlar sərbəst güləşçilər Namiq Abdullayevlə ("Atlanta-1996"- gümüş, "Sidney-2000" - qızıl) və Xetaq Qazyumov ("Pekin-2008" - bürünc, "London-2012" - bürünc), atıcı Zemfira Meftahətdinova ("Sidney-2000" - qızıl, "Afina-2004" - bürünc), yunan-Roma güləşçisi Rövşən Bayramov ("Pekin-2008" - gümüş", "London-2012" - gümüş) olub. Bayramov "Rio-2016" da iştirak etsə də, bürünc medal uğrunda mübarizədə də uduzduğundan ilkə imza atmaq şansını qaçırıb. Qazmuyov isə hazırkı olimpiadada hələ ki çıxış etməyib.
Qeyd edək ki, Stadnikin mükafatçı olmasının dəqiqləşməsi ilə Azərbaycan "Rio-2016"da 8-ci medalı aktivinə yazdırıb. Bunlardan cüdoda Rüstəm Orucovla Elmar Qasımov gümüş, yunan-Roma güləşçiləri Sabah Şəriəti ilə Rəsul Çunayev bürünc medalçılar olublar. Kayakçı İnna Osipenko-Radomskaya bürünc medal qazanıb. Boksçular Kamran Şahsuvarlı ilə Lorenzo Sotomayor yarımfinala çıxmaqla ən axı bürünc medalı özlərinə təmin ediblər. Onların medallarının hansı əyarlı olması yarışın sonunda müəyyənləşəcək.
Mehman Süleymanov