Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında Avropa çempionatına yekun vurulub.
Sportnet.az xəbər verir ki, Azərbaycanın finala yüksələn təmsilçilərindən ilk olaraq rinqə 54 kq çəki dərəcəsində mübarizə aparan Anna Əlimərdanova çıxıb. O, yerli boksçu Stanimira Petrova ilə üz-üzə gəlib. Gərgin və maraqlı mübarizə şəraitində keçən döyüşdən məğlub ayrılan Əlimərdanova çempionatın gümüş medalını qazanıb.
Əvəzində 69 kq çəki dərəcəsindəki digər qadın boksçu Yelena Vıstropova Avropa çempionu olub. Həlledici qarşılaşmada o, türkiyəli Sema Çalışkanı məğlub edib.
Beləliklə, Azərbaycan millisi Avropa çempionatını 1 qızıl, 1 gümüş, 2 bürünc medalla başa vurub. Bürünc medallara ötən gün Leyla Cavadova (81 kq) və Aynur Rzayeva (+81 kq) sahib çıxıb.