Bu günədək statusu təsdiqlənmiş federasiyaların sayı 29-a çatıb, 28 federasiyanın isə statusu dayandırılıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə gənclər və idman naziri Fərid Qayıbov aylıq hesabat xarakterli yazısında bildirib.
O bildirib ki, nazirliyin nəzdində fəaliyyət göstərən xüsusi komissiyanın təqdimatına əsasən, ötən ay daha 3 federasiyanın akkreditasiyası təsdiqlənib, 3-nün isə statusu dayandırılıb. Həmçinin Azərbaycan Tennis Federasiyası və Azərbaycan Alpinizm Federasiyasının ümumi yığıncağı və seçkiləri keçirilib.
İdman federasiyalarının optimallaşdırılması prosesini davam etdirdiklərini deyən Qayıbov olimpiya növləri üzrə milli federasiyaların nümayəndələri ilə görüşlərin də artıq ənənəvi hal aldığını vurğulayıb: "Hər görüş yeni ideyalar və gələcək planlar baxımından daha effektiv olur. Sayca beşinci olan görüşdə V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil etmiş növlər üzrə federasiyaların nümayəndələri də iştirak etdilər. Bu dəfə fərqli məkanda – Bakı Gənclər Mərkəzində keçirilən toplantıda bir çox məsələləri müzakirə etdik".
Nazir həmçinin qeyd edib ki, ay ərzində Avropa və dünya çempionatlarında, nüfuzlu beynəlxalq turnirlərdə müxtəlif idman növlərində Azərbaycan idmançıları 80-dən çox medal qazanıblar.