Sportnet.az Polşanın Krakov şəhərində lll Avropa Oyunlarında çıxış edən taekvando millimizin baş məşqçisi Məmməd Abdullayevin verdiyi müsahibəni təqdim edir:
- Komandamızın çıxışı haqqında fikirləriniz necədir?
"Ümumiyyətlə Avropa oyunlarında bildiyimiz kimi taekvandoda 16 idmançımız iştirak edir. Bu gün 5 nəfərdən ibarət heyətdən 2 nəfər medal qazana bildi. Siz də gördünüz ki, 54 kq. çəki dərəcəsində olan idmançımız son 6 saniyə qalmış qızıl medal uğrunda gedən döyüşdə 6-1 irəli ola ola, böyük hakim haqsızlığına məruz qaldı. Siz biraz keçmişə qayıdsaz, bilərsiz ki, mən heç vaxt hakim haqsızlığından danışmamışam. Çünki hər zaman idmançını günahlandırıram. İdmançılar hakimlərlə də, mübarizə aparmalıdır. Ancaq elə bir vəziyyət idi ki, orada mübarizə aparmalıq heç bir şey yox idi. Bu gün bütün Avropanın gözünün qarşısında, videolarımız da var, bu haqsızlığın olmağı biraz bizi məyus etdi. Buna baxmayaraq bizim Səyyad sübut elədi ki, 54 kiloqramda onunla döyüşən idmançı dünya 2-cisidir və o, onu rahatlıqla məğlub elədi, sadəcə medal baxımından gümüş medal aldı. Bu da onun üçün böyük bir uğurdur. Cavan idmançımızdır. Digər idmaçımız Qaşım Maqomedov, onun artıq, belə deyə bilərəm ki, idmançı səhvi, yani rəqibi dəyərləndirmədi. Onun qarşısında dayanan idmançı da, ispan idi, dünya 3-cüsü idi. Onu böyük hesabla məğlub edə edə, istədi 12 xallıq qalibiyyət alsın, o da böyük bir səhv idi idmançı üçün. Mən dəfələrlə ona müraciət etsəm də, biraz özünü toplaya bilmədi və döyüşü əldən verdi. Sonraki görüşlərdə də, özünüz Qaşımın gücünü gördünüz."
- Həqiqətən idmançılarımız öndə ola ola, son saniyələrdə qalibiyyəti hədiyyə verdilər rəqibə. Bu nə ilə bağlı idi?
Bilirsiniz necədir? Mən adətən idmaçılarım döyüşə çıxanda, idmançı döyüşdə udmağı bacarırsa, mən heç vaxt onun işinə müdaxilə etmirəm. Amma yalnız elə döyüşlər var ki, onu mütləq məşqçi ilə birlikdə ünsiyyət qurub döyüşdə qalib gəlmək lazımdır. Mən bayaq da, idmançılarla yüngül iclas elədim. Bu məsələlərə qayıtdım. Biraz məşqçini eşitməməkləri var. Risk etmirlər. Rahatlıq bədənlərində yoxdur. Hər bir qələbə qazanan idmançının daxilində rahatlıq olmalıdır. "Mən bunu vuracam və xal alacam".
- Məmməd müəllim yeni təyin olmusunuz. Uğurlar olsun.
Yox, mən təyin olmamışam hələ. Mən gənclərdən ibarət yığmanın baş məşqçiyəm. Sadəcə olaraq 10 günlük müddətə mən hələlik yığma komanda ilə hazırlaşıb Avropa oyunlarında qalacam. Gələndən sonra Federasiyamızın rəhbəri nə qərar verəcəksə, biz onunla razılaşacayıq.
- Bu günki uğursuzluğu, keçmiş məşqçinin qurduğu dəstə xətti mi, onun psixoloji gərginliyi mi, ya tövsiyyələri mi bizə manəçilik törətdi ki, idmançılarımız qızıl medal qazanmadı.
Bilirsiz, keçmiş məşqçinin adı məşqçidir, mən də məşqçiyəm, onun üçün məşqçi haqqında mənfi rəy bildirmək istəmirəm. Ümumiyyətlə Azərbaycan taekvandosunun gedişatını artıq hamı, bütün taekvando sevərlər, taekvandonun içinə daxil olanlar hamısı gördü. Mən bir məşqçi olaraq, məşqçi adıma yaraşdırmıram özümə ki, hansısa bir səhvdən danışım. Olan oldu, ötən keçdi.