
Azərbaycan Respublikasının gənclər və idman
naziri Fərid Qayıbov və Gürcüstan Respublikasının təhsil, elm və gənclər naziri Givi Mikanadze Quba rayonuna səfər ediblər.
Sportnet.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, səfər çərçivəsində qonaqlar ilk olaraq Qubada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra nazirlər səfər çərçivəsində Quba Rayon Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydə yaradılmış STEAM Mərkəzinə baxış keçiriblər. Burada qonaqlara gənclərin elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat sahələri üzrə reallaşdırdıqları layihələr nümayiş etdirilib, yeniyetmələrin yaradıcı və tədqiqat yönümlü fəaliyyətləri barədə məlumat verilib.
Həmçinin gənclərin prototiplər üzərində işləməsi, kodlaşdırma bacarıqları, robot texnologiyalarında praktiki işləri nümayiş olunub. Daha sonra qonaqlar Quba rayonunun tarixi məkanlarını ziyarət edib, Azərbaycanın multikultural dəyərləri ilə yaxından tanış olublar.
Onlar daha sonra Azərbaycan - Gürcüstan “Gənclər həftəsi” çərçivəsində keçirilən “Azərbaycan - Gürcüstan Gənclərinin II Beynəlxalq Düşərgəsi”ndə gənclərlə görüşüblər. Görüşdə iştirakçıların iki ölkə gəncləri arasında birgə əməkdaşlıqlarla bağlı sualları və təşəbbüsləri dinlənilib, fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, düşərgənin ikinci günündə “Gənclər və startaplar: ideyadan təsirə” və “Sosial medianın gənclərə təsiri” adlı sessiyalar keçirilib. Mövzular ətrafında aparılan müzakirələr zamanı iştirakçılar aktual çağırışlar və imkanlar barədə interaktiv fikir mübadiləsi aparıblar. Ardınca təşkil olunan “Gənclər axtarışda: birlik və dostluq” adlı interaktiv kvest oyununda Azərbaycan və Gürcüstan gəncləri birgə komanda işi nümayiş etdirərək əməkdaşlıq və dostluq ruhunu gücləndiriblər. Proqramın davamında Quba şəhərinə təşkil edilən tur çərçivəsində iştirakçılar bölgənin zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Görüş ərəfəsində nümayiş etdirilən bədii proqram zamanı Azərbaycan və Gürcüstan gənclərinin birgə ifaları və milli rəqsləri tədbirə xüsusi rəng qatıb.