2025-ci ildə antidopinq mövzusunda ümumilikdə 106 maarifləndirmə tədbiri təşkil olunub.
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, tədbirlər 4292 şəxsi əhatə edib.
Cari ildə Agentliyin təşkilatçılığı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cü illər üçün Dövlət Proqramı” çərçivəsində “Qadağan olunmuş maddələrlə mübarizədə qurumlararası əməkdaşlığın perspektivləri” mövzusunda qapalı dəyirmi masa, həmçinin “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “İdmanda hüquq və ədalət: yeni antidopinq çərçivəsi” adlı beynəlxalq konfrans təşkil olunub.
Bundan əlavə, AMADA tərəfindən UNESCO-nun antidopinq sahəsində maliyyələşdirmə proqramına təqdim olunan layihə beynəlxalq müsabiqədə qalib elan edilib.
Beynəlxalq Test Agentliyinin (ITA) hazırladığı “Milli Olimpiya Komitələri üçün təmiz idman təhsili bələdçisi”ndə AMADA-nın təbliğat fəaliyyəti beynəlxalq nümunə kimi göstərilib.
AMADA Böyük Britaniyanın Antidopinq Agentliyinin (UKAD) koordinasiya etdiyi Data analitikası üzrə İşçi Qrupunun fəal üzvü kimi çıxış edib.
2025-ci ildə AMADA Avropa antidopinq siyasəti çərçivəsində gender istiqamətinə rəhbərlik edib.
Ümumdünya Antidopinq Agentliyi (WADA) üzrə Ad Hoc Avropa Komitəsində (CAHAMA), eləcə də Avropa Şurasının Antidopinq Konvensiyası üzrə Monitorinq Qrupunun (T-DO) “Gender bərabərliyinin antidopinq siyasətinə inteqrasiyası” üzrə ekspert qrupunda bu fəaliyyətin koordinasiyasını həyata keçirib.
Agentlik ölkədə ilk dəfə keçirilən III MDB Oyunlarında testetmə və maarifləndirmə fəaliyyətləri ilə təmiz idman prinsiplərinə sarsılmaz sadiqliyini bir daha nümayiş etdirib. Yüksək peşəkarlıqla təşkil olunan dopinq nəzarəti prosesi ilə yanaşı, 7 şəhəri əhatə edən genişmiqyaslı maarifləndirmə təşəbbüsləri vasitəsilə idmançılar, məşqçilər, həkimlər və digərləri, həmçinin idman ictimaiyyəti arasında dürüstlük və məsuliyyət dəyərləri güclü mesajlarla təbliğ olunub.
Korporativ sosial məsuliyyət strategiyası çərçivəsində AMADA-nın dəstəyi, Azərbaycan Kosmik Agentliyi nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin tərəfdaşlığı ilə Türkiyənin Bursa şəhərində yerləşən Kosmik Aviasiya Tədqiqat Mərkəzində məktəbli şəhid övladlarının "Zəfər Yolu" qış düşərgəsi keçirilib. Düşərgədə Azərbaycanın müxtəlif bölgələrindən olan 10 şəhid övladı iştirak edib.
AMADA-nın təşəbbüsü ilə 7-13 aprel tarixlərini əhatə edən dövr ölkədə “Ədalətli idman həftəsi” elan edilib. “Ədalətli idman həftəsi - 2025” çərçivəsində AMADA-nın müxtəlif sosial media kanallarında Ədalətli İdman Günü ilə bağlı paylaşımlar edilib. Habelə məlumatlandırıcı post və hekayələr paylaşılıb, idman ictimaiyyətinin tanınmış simalarının fikirləri, eyni zamanda, həmin gün ilə bağlı sorğulardan ibarət müsabiqələr təşkil olunub, qaliblər mükafatlandırılıb.
Cari ildə AMADA Polşa, Litva, Avstriya milli antidopinq təşkilatları, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və Azərbaycan Deflimpiya Komitəsi ilə əməkdaşlıq haqqında memorondumlar imzalayıb.











































































