İsveçrənin Sankt-Moritz şəhərində qarüstü polo üzrə 41-ci Dünya Kuboku start götürüb.
sPortnet.az xəbər verir ki, Sankt-Moritz gölünün donmuş buz qatı üzərində keçirilən turnirdə Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə 'Land of Fire” komandası da mübarizə aparır.
1985-ci ildən hər il təşkil olunan bu ənənəvi yarış Enqadin vadisinin qarla örtülmüş möhtəşəm dağları fonunda yüksək səviyyəli oyunlar və eksklüziv sosial tədbirlərlə yadda qalır.
Tədbir çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın tarixi, mədəniyyəti, zəngin turizm imkanlarını təbliğ edən Azərbaycan pavilyonu fəaliyyət göstərir. Povilyonda müxtəlif milli brendlər, sənətkarlıq nümunələri və eksponatlar nümayiş olunur.
Dünya Kuboku uğrunda “Land of Fire”, “Sankt Moritz”, “Flexjet”, “Standing Rock”, “Investec” və “Mackage” komandaları mübarizə aparacaqlar.
Yanvarın 22-də yarış öncəsi yoldaşlıq oyununda Azərbaycan komandası “Flexjet” komandası ilə qarşılaşıb..
Çempionatda ilk rəsmi görüş isə bu gün Bakı vaxtı ilə saat 15:15-də “Sankt Moritz”ə qarşı keçirəcək. İlk yarış günündən sonra 4 komanda yarımfinal mərhələsinə vəsiqə qazanacaq. Turnirin sonuncu günü – yanvarın 25-də üçüncü yer uğrunda görüş və final oyunu keçiriləcək.
Final qarşılaşmasından sonra turnirin qalibi, ən yaxşı oyunçusu və ən yaxşı polo atı mükafatlandırılacaq.























































































