Azərbaycanı GP3 Seriyasında təmsil etmiş "Formula 3" pilotu Gülhüseyn Abdullayevin karyerasında durğunluq yaranıb.
Sportnet.az AutoCity.az-a istinadən xəbər verir ki, bu, 22 yaşlı idmançının Türkiyədə ali təhsil alması ilə əlaqədardır. Hazırda diqqətini təhsilə yönəldən Abdullayev yarışlara nadir hallarda qatılır.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Autocity.az-a açıqlamasında məlumatı təsdiqləyib: "İndiyədək biz yalnız GP3-də təmsil olunmuşuq. Bu yarış isə Azərbaycanda keçirilmir. Gülhüseyn başqa ölkələrdə yarışlarda iştirak edib. Biz ona çox dəstək olur, çalışırdıq ki, getsin, yarışlardan iştirak etsin. İndi isə az-az iştirak edir. Görünür, bu, təhsili ilə bağlıdır və ya başqa sahələrə marağı var. Düzdür, karyerasını yenə davam etdirir, amma Türkiyədə stamotoloq təhsili aldığından, ola bilsin, bir qədər sakitləşib".
BŞH rəsmisi Abdullayevin yenidən treklərə qayıtma variantına da münasibət bildirib: "Gülhüseyn istedadlı gəncdir. Onu avtomobil idmanına atası gətirib və uşaq yaşlarında ikən Türkiyədə keçirilmiş kartinq yarışlarına aparıb. Lakin "Formula 1"ə gəlişi üçün böyük zaman keçməlidir".