"Formula 1" üzrə Avstriya Qran-prisində ilk sınaq yürüşü başa çatıb.
Sportnet.az-ın məlumatına görə, ən yaxşı nəticəni "Mercedes"in pilotu Lüis Hemilton göstərib - 1 dəqiqə 04.816 saniyə.
Hemiltondan 0,356 saniyə geri qalan onun komanda yoldaşı Valtteri Bottas ikinci olub.
0,602 saniyə gec nəticə göstərən "Red Bull" komandasının üzvü Maks Ferstappen üçüncü yerlə kifayətlənib.
Qeyd edək ki, bu gün ikinci sınaq yürüşü Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Avstriya Qran-prisi iyulun 5-də yekunlaşacaq.
"Formula 1"də ilk 8 Qran-prinin təqvimi məlumdur. Avstriyadan sonra Macarıstan (17 - 19 iyul), Böyük Britaniya (31 iyul - 2 avqust, 7 - 9 avqust), İspaniya (14 - 16 avqust), Belçika (28 - 30 avqust), İtaliya (4 - 6 sentyabr) Qran-priləri baş tutacaq. Bütün yarışlar azarkeşsiz keçiriləcək.
İndiyədək Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-priləri təxirə salınıb, Avstraliya, Monako, Niderland, Fransa, Azərbaycan, Sinqapur və Yaponiya mərhələləri isə ləğv olunub.