
Dünya Badminton Federasiyasının inkişaf üzrə eksperti Françekso Alvares Qusar Olimpiya İdman Kompleksində olub.
Sportnet.az-ın məlumatına görə, o, idman obyektinə baxış keçirərək ərazidə badminton idman növününü infrastrukturu ilə maraqlanıb. Görüşdə Azərbaycan Badminton Federasiyasının (ABF) baş katibi Ramil Hacıyev və milli komandanın baş məşqçisi Murtuza Validarvi də iştirak edib.
İspaniyalı qonaq regionlarda Milli İdman Sistemlərinin inkişafı layihəsi çərçivəsində Şimal bölgəsində çalışan məşqçilərlə görüşərək onlar üçün seminar keçirib. Təlimlərə Qusar Olimpiya İdman Kompeksinin badminton məşqçiləri Vahid Quliyev və Sevzi Bayramov da qatılıblar.
Alvares bildirib ki, bu layihə Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondu tərəfindən maliyyələşdirilir və Milli Olimpiya Komitəsi (MOK) ilə ABF-nin birgə təşkilatçılığı nəticəsində baş tutub: "Özüm Beynəlxalq Badminton Federasiyasının İnkişaf proqramları üzrə sektorunun əməkdaşıyam. Azərbaycana səfərimizi MOK və ABF həyata keçirib. Məqsəd Azərbaycanın müxtəlif regionlarına səfər etmək, bölgələrdəki vəziyyət və infrastrukturla, idmançıların inkişaf səviyyəsi ilə yerindəcə tanış olmaqdır. Bundan sonra badmintonun gələcək illərdə daha da inkişafı istiqamətində hesabat hazırlanacaq".
Qonaq Qusar Olimpiya İdman Kompleksindəki şəraitin yetərincə yaxşı olduğunu bildirib: "Kompleksə səfərimizi ABF ona görə təşkil edib ki, buradakı vəziyyət həm badminton üçün kifayət edəcək formadadır, həm də məşqçilər badminton üçün uşaqlar yetişdirirlər. Bundan başqa, Qusarda digər regionlarla müqayisədə, qız badmintonçuların sayı kifayət qədər çoxdur. Onlar hazırda öz yaşıdları arasında Avropa səviyyəli yarışlara qatıla və yer tuta bilərlər. Ümidvaram ki, gələcəkdə daha da yaxşı badmintonçular yetişəcək".
Qeyd edək ki, regionlarda təşkil olunan görüşlərdə MOK-un Beynəlxalq Proqramları üzrə eksperti Ceyhun Rəhmanov və ABF rəsmiləri də iştirak edib.