"İnanıram ki, bu turnir Azərbaycanda çövkənin inkişafına öz töhfəsini verəcək".
Sportnet.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev mayın 21-də start götürəcək Peşəkar Çövkən Liqası ilə bağlı təşkil olunmuş mətbuat konfransında deyib.
Bu günə qədər ölkədə çövkənlə əlaqədar bir çox turnirin keçirildiyini xatırladan federasiya rəsmisi bu cür yarışların sayının artırılacağını bildirib: "Ümid edirəm ki, turnirdə iştirak edəcək komandaların hər biri layiqincə mübarizə aparacaq. Ümumilikdə 18 tur baş tutacaq. Hər komanda ev və səfər matçlarını Binə Atçılıq Mərkəzində oynayacaq. Lakin növbəti illərdə komandalar görüşlərini öz meydanlarında keçirə biləcəklər. Dekabrın 4-də isə liqanın çempionunu müəyyənləşdirəcəyik".
Qeyd edək ki, Peşəkar Çövkən Liqasında ölkənin müxtəlif regionlarından 10 komanda iştirak edəcək.