
“Buta Golden” klubunun çaparı Yahor Morotski “Astrello” ləqəbli atla Gürcüstanın paytaxtı Tbilisidə keçirilən 4 yarışın hamısında birinci yeri tutub.
Sportnet.az xəbər verir ki, bu barədə “Report”a komandanın baş məşqçisi Camal Tağıyev məlumat verib. Onun sözlərinə görə, atçılığın konkur növü üzrə təşkil olunan ilk iki yarışda fəxri kürsüyə Azərbaycan komandalarının çaparları yüksəlib.
Birinci yarışda Y.Morotski birinci, Rahib İsmaylov (“Carthanio”, “Gilan” komandası) ikinci, Kənan Novruzov (“Cera 59”, “Elit” komandası) üçüncü yeri tutub.
Y.Morotski ikinci yarışda iki medal qazanıb. Belaruslu çapar “Astrello” ilə bütün rəqiblərini qabaqladığı halda, “Fine Chocolate” ləqəbli atla üçüncü olub. Kənan Novruzov (“Cera 59”, “Elit” komandası) isə fəxri kürsünün ikinci pilləsinə qalxıb.