
Şəkinin Daşüz kəndindəki Respublika Milli Atüstü Oyunları Mərkəzində çövkən milli oyunu üzrə Prezident Kubokunun yarımfinalçıları müəyyənləşib.
Sportnet.az məlumatına görə, 1/4 finalda “Sərhədçi” “Şəki”ni 1:0, “Buta Golden” “Murad”ı 2:0, “Polad” “Qala”nı 6:0, “Omar” isə “Köhlən”i 4:0 hesabı ilə məğlub edib.
Yarımfinalda “Buta Golden” komandası “Sərhədçi” kollektivi ilə qarşılaşacaq. “Polad” isə “Omar”la üz-üzə gələcək.
Prezident Kubokunun final mərhələsi Bakıda, Binə Atçılıq Mərkəzininin qapalı manejində keçiriləcək. Dekabrın 22-də yarımfinallar, 24-də isə final görüşü baş tutacaq. Yarışın mükafat fondu 50 min manatdır.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən yarışların Şəki mərhələsində 12 komanda mübarizə aparıb.