
Fransanın paytaxtı Parisdə badminton üzrə dünya çempionatı start götürüb.
Sportnet.az xəbər verir ki, Azərbaycan komandası ilk dəfə baş məşqçi Morteza Validarvinin rəhbərliyi altında 4 kateqoriyada 6 idmançı ilə iştirak edir.
Milli komandamızın lideri, Tokio və Paris Olimpiadasının iştirakçısı Edi Reski Dviçayo dünya çempionatına qələbə ilə başlayıb. O, kişi badmintonçuların şəxsi yarışında dünya reytinqində 19-cu olan Yaponiya təmsilçisi Koki Vatanabeni 2:0 (21-19, 21-18) hesabı ilə məğlub edib. Edi 1/16 finalda İndoneziya idmançısı Conatan Kristie ilə üz-üzə gələcək.
Digər kişi badmintonçumuz Diki Pangestu Xorvatiya təmsilçisi Aria Dinataya 1:2 (16-21, 21-16, 14-21) hesabı ilə uduzub.
Kişilərin qoşa yarışında Aqil Qəbilov-Diki Pangestu tandemi Sinqapur idmançıları Junsuke Kubo-Vesley Koh cütünə 0:2 (9-21, 13-21) hesabı ilə məğlub olub.
Qadınların şəxsi yarışında Keişa Fatimə Zəhra 1/32 finalda Braziliya təmsilçisi Juliana Vieyra ilə qarşılaşacaq.
Qarışıq qoşa kateqoriyasında isə Cahid Əlhəsənov-Həcər Nuriyeva tandemi 1/32 finalda Almaniya idmançıları Malik Bourakkadi-Leona Mixalski cütü ilə mübarizə aparacaq.
Azərbaycan nümayəndə heyətini baş katib Ramil Hacıyev təmsil edir.