Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının rəsmi tərəfdaşı olub. Sportnet.az-ın məlumatına görə, müvafiq müqaviləyə gənclər və idman naziri, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimovla SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov imza atıb.
Saziş prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyevanın iştirak etdiyi təməlqoyma mərasimində "Cənub Qaz Dəhlizi"nin genişləndirilməsi üzrə tikinti işinin başlanılması münasibətilə elan olunub. Bu gün eyni zamanda, "Əsrin Müqaviləsi"nin imzalanmasının 20 illiyi tamam olur. Anlaşmaya əsasən, yarışlarla bağlı maarifləndirməni artırmaq məqsədilə SOCAR yanacaqdoldurma məntəqələrində və ticarət nöqtələrində "Bakı 2015" loqotipi təsvir olunacaq. ARDNŞ İsveçrə, Gürcüstan, Rumıniya və Ukraynada həyata keçirəcəyi marketinq kampaniyaları sayəsində Avropa Oyunlarının qitə miqyasında təbliğinə də dəstəyini göstərəcək.
Rəhimov imzalanma mərasimində deyib: "Avropa Oyunları Azərbaycanı dünyanın digər ölkələrində təbliğ etmək üçün çox mühüm imkandır və bu cür yüksək dəyərə malik beynəlxalq şirkət tərəfindən dəstəyin göstərilməsi vacibdir. Bakı 2015 Avropa Oyunları ərəfəsində SOCAR-ın və onun bütün işçi heyətinin tam dəstəyini almaqdan çox məmnunuq".
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev isə "Bakı 2015"ə dəstəkdən fəxr etdiklərini bildirib: "Çünki I Avropa Oyunları Azərbaycanın bu günə kimi həyata keçirdiyi ən böyük idman yarışı olacaq. İdman sahəsində sponsorluq bizim üçün çox vacib məqamdır və şirkətimiz ölkənin tarixində baş verən və böyük maraq doğuran belə bir anın bir hissəsi olma şərəfinə nail olur. Avropa Oyunları özündən sonra uzunmüddətli müsbət dəyişikliyin əsasını qoyacaq və bu dəyişikliyin bir hissəsi olduğumuz üçün özümüzü çox xoşbəxt hiss edirik".
Öz növbəsində Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki deyib: "Bir sıra yüksək səviyyəli beynəlxalq şirkətlərin dəstəyini almaq istənilən əsas idman yarışları üçün əhəmiyyət kəsb edir və "Bakı-2015"in yüksək keyfiyyətli tərəfdaşları I Avropa Oyunlarının gözəl keçəcəyinə səbəb olacaq".
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq əlavə edib: "Avropa Oyunlarının başlanmasına qalan günlər geri sayılır. Bu vaxtda əksər böyük Azərbaycan şirkətlərinin idman vasitəsilə Avropanı birləşdirəcək belə innovativ yarışlara dəstəyi bizə böyük inam bəxş edir".
Qeyd edək ki, daha öncə P&G, Tissot, BP və Nar Mobile da "Bakı 2015"in rəsmi tərəfdaşı olub. 60 000-dən çox işçisi olan ARDNŞ əsas böyük idman qurumları və yarışları ilə, o cümlədən, AFFA ilə uzunmüddətli birliyə malikdir. Şirkət, eyni zamanda, 2016-cı ildə Fransada keçiriləcək Avropa çempionatının əsas sponsorlarından biridir.