
“Döyüşlərinə baxmışam, onunla görüşəcəyim üçün xoşbəxtəm".
Sportnet.az xəbər verir ki, bunu UFC döyüşçüsü İqnasio Baxamondes Bakıda keçiriləcək turnirdən öncə təşkil olunan mətbuat konfransında deyib.
28 yaşlı çilili idmançının sözlərinə görə, onları maraqlı qarşılaşma gözləyir: "Hər ikimiz ayaqüstə döyüşürük. Məncə, bizi çox maraqlı görüş gözləyir. Ucaboy olduğumdan, oktaqonun mərkəzində gözləyəcəyəm ki, döyüş ayaqüstə keçsin. Mənim məşq yoldaşım Belal Muhammeddir. Onun necə güləşdiyini hamı bilir".
Baxamondes Fiziyevin bir çox döyüşünə baxdığını və ona hörmətlə yanaşdığını vurğulayıb: "Zəif cəhətləri barədə danışmayacağam. O, top səviyyəli döyüşçüdür. Amma özümü daha güclü sanıram. Üç raundlu döyüşə hazırlaşıram. Azarkeşlərə üç raundluq döyüş göstərmək istəyirəm. Hər üçündə də dominantlıq etmək istəyirəm. Fiziyev öz vətənində döyüşəcək. Düşünürəm ki, o qələbəyə acdır. Bakıda Rafaelin ən yaxşı formasını görəcəyik. Döyüşün ağır keçəcəyini gözləyirəm”.
Təcrübəli döyüşçü qələbə təqdirində, ilk "10-luq"da olanlardan biri ilə görüşmək istədiyini bildirib: "Arzuladığım rəqib Maks Haloveydir. Qardaşımın da döyüşəyini gözləyirəm. Tezliklə UFC-də Baxomondes ailəsini görəcəksiniz. Döyüşlərim vaxtı Belal Muhammed küncdə olması mənim üçün üstünlükdür. Onun kimi çempion mənimlədir. O, mənə böyük qardaş kimidir. Məşqçilərim və Belal mənə inanır".
Baxanondes son zamanlar Çilinin futbolda uğurunun olmadığını, bütün çilililərin ondan qələbə gözlədiklərini açıqlayıb: “Mənim qardaşlarım, qohumlarım da mənim kimi olmaq istəyirlər. Çilili gənclərin də mənim kimi olmaq istətiklərinə inanıram”.
Qeyd edək ki, İqnasio Baxamondes yüngül çəki dərəcəsində azərbaycanlı Rafael Fiziyevlə qarşılaşacaq. Bakı Kristal Zalında baş tutacaq turnir iyunun 21-də keçiriləcək.