
“Yaxşı hazırlıq prosesi keçmişəm. Sparrinq yoldaşlarım mənə kömək etdilər”.
Sportnet.az xəbər verir ki, bunu UFC döyüşçüsü Məhəmməd Nayimov Bakıda keçiriləcək turnirdən öncə təşkil olunan mətbuat konfransında deyib.
32 yaşlı idmançı əfsanəvi Həbib Nurməhəmmədovla məşq etdiyini söyləyib: “Həbibdən güləşməyimizi istədim. Çünki ən yaxşı olmaq üçün ən yaxşılarla çalışmalısan”.
O, Bakıda isti qarşılandığını bildirib: “Bunu gözləmirdim. Qardaş ölkədə dəstəklənəcəyimi gözləyirdim, amma bu səviyyədə deyil. Bakıya ilk dəfədir gəlirəm. Adamda elə hiss yaranır ki, UFC Bakıda ilk dəfədir keçirilmir. Sanki daha əvvəl də təşkil olunub. Hər şey yüksək səviyyədədir”.
Qeyd edək ki, Məhəmməd Nayimov orta yüngül çəki dərəcəsində Boqdan Qradla qarşılaşacaq. Bakı Kristal Zalında baş tutacaq turnir iyunun 21-də keçiriləcək.