
Serbiyanın Zlatibor şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyi başa çatıb.
Sportnet.az xəbər verir ki, Azərbaycan millisi yarışı 3 qızıl, 10 gümüş və 9 bürünc medalla bitirib.
Komandanın heyətində Abbasəli Məmmədli (48 kq) finalda ermənistanlı Davit Dunyamalyanla qarşılaşıb. O, rəqibini 4:1 (27:30, 30:27, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edərək Avropa çempionu tituluna yiyələnib.
Nurlan Müseyibli (66 kq) həlledici görüşdə rusiyalı Albert Fedotenkova 4:1 (29:28, 30:27, 30:27, 29:28, 27:30), Zirəddin Rüstəmli (70 kq) serbiyalı Draqan Todoroviçə tam üstünlüklə qalib gələrək qitənin ən güclüsü adına sahib olub.
Digər təmsilçilərdən Nəsrin Abdullazadə (38 kq), Tunca Mürşüdova (42 kq), Fatimə Məmmədli (44 kq), Kəmalə Həsənova (54 kq), Babək Abdullayev (40 kq), Məhəmməd Kazımzadə (42 kq), Nuran Yusibli (46 kq), Elcan Musazadə (50 kq), Sabir Rüstəmov (57 kq), Yusif Ağakişiyev (75 kq) gümüş, Aysan Miriyeva (46 kq), Emiliya Beydullayeva (57 kq), Xumar Cəfərli (70 kq), Sahib Baxışlı (44 kq), Məhəmməd Əli (52 kq), Fərhad Quliyev (54 kq), Amid Ələkbərov (60 kq), Mehran Rəsulov (80 kq) və Ərdəm Təkin (90 kq) isə bürünc medal qazanıblar.
Yığma bu göstərici ilə komanda hesabında Avropa ikincisi olub. Birinci yeri Rusiya tutub (20-3-4).
3 qızıl, 10 gümüş və 9 bürünc mükafat qazanan Azərbaycan millisi qitə birinciliklərində rekordlarını da yeniləyib. Komanda Zlatiborda həm mükafatların əyarına, həm də sayına görə indiyədək olan nəticələrini geridə qoyub. Bunadək milli boksçular analoji yarışlarda bu qədər qızıl, gümüş və bürünc medala yiyələnməyib.
Qeyd edək ki, Azərbaycan millisi indiyədək 2011-ci ildə Qroznıda və 2024-cü ildə Banya Lukada 9 medal qazanıb. Ən yaxşı halda isə 2 boksçu Avropa çempionu tituluna sahib olub.