
2026-cı ildə güləş üzrə dünya çempionatı tarixdə ilk dəfə Bəhreyndə keçiriləcək.
Dünya Güləş Birliyinin (UWW) mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, paytaxt Manamada təşkil olunacaq mundial 5 - 13 sentyabrda gerçəkləşəcək.
İndiyədək heç bir ərəb ölkəsi güləş üzrə dünya çempionatına ev sahibliyi etməyib. Bu baxımdan, Bəhreyn adını tarixə yazdıracaq.
Bəhreyn Olimpiya Komtəsinin baş katibi Faris Əl Kuheci və UWW prezidenti Nenad Laloviç tarixi bəyanat verərək, müvafiq müqaviləyə imza atıblar.
Laloviç dünya çempionatına ev sahibliyi baxımından qitələri müntəzəm dəyişmək istədiklərini bildirib.
Əl Kuheci isə bu tədbirin ölkəsinə ciddi iqtisadi fayda gətirəcəyini vurğulayıb: "Biz İran, ABŞ və digər ölkələrdən çoxlu azarkeş cəlb edəcəyik".
Qeyd edək ki, Bəhreyn ilk tarixi olimpiya çempionluğunu Paris-2024-də əldə edib. Ötən il Ahmed Tajudinov 97 kq çəki dərəcəsində qızıl medala sahib çıxıb. 2023-cü ildə isə o, eyni çəkidə dünya çempionu tituluna yiyələnib. Tajudinov həm də Asiya çempionu və Asiya Oyunlarının qalibidir.