Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında bu gün Azərbaycanın daha 3 yunan-Roma güləşçisi mübarizəyə başlayıb.
Sportnet.az-ın məlumatına görə, 72 kq çəki dərəcəsində yer alan Ülvi Qənizadə finala yüksəlib.
Mübarizəyə 1/8 finaldan başlayan Qənizadə ardıcıl olaraq, Abdelmalik Merabeti (Əlcəzair) 6:0, Yeonqhun Nohu (Cənubi Koreya) 8:3, Abdullo Aliyevi (Özbəkistan) 5:0 hesabı ilə məğlub edib. Finalda o, İbrahim Mahmud Hamed Hassan Qanem (Fransa) ilə üz-üzə gələcək. Görüş sentyabrın 21-də olacaq.
Daha 2 güləşçi isə bürünc medal uğrunda mübarizə aparacaq.
Murad Əhmədiyevin (97 kq) ilk görüşü təsnifat mərhələsinə təsadüf edib. O, Nikoloz Kaxelaşviliyə (Gürcüstan) 4:1, Uzur Juzurbekova (Qırğızıstan) 5:1 hesabı ilə qalib gələrək, 1/4 finala yüksəlib. Bu mərhələdə isə Əhmədiyev Ermənistanın olimpiya, 4 qat dünya və 7 qat Avropa çempionu Artur Aleksanyanı (3:3) sonuncu xal prinsipinə əsasən üstələyib.
Lakin yarımfinalda o, UWW bayrağı altında yarışan milliyyətcə daha bir erməni Artur Sarqsyana (1:1) sonuncu xal prinsipinə əsasən uduzub. Əhmədiyev sentyabrın 20-də bürünc medal qarşılaşmasına çıxacaq.
Nihat Məmmədli (60) ilk olaraq, Abdelkarim Ferqata (Əlcəzair) tam üstünlüklə (8:0) qalib gəlsə də, 1/4 finalda Alişer Qaniyevə (Özbəkistan) uduzub - 4:8. Qaniyev finaladək irəlilədiyi üçün Məmmədli bürünc medal uğrunda təsəlliverici görüşə qatılacaq. Onun rəqibi Ermənistan təmsilçisi Qraçya Poqosyan olacaq.
Eyni zamanda Eldəniz Əzizli (55 kq) isə bürünc medal görüşündə qırğızıstanlı Ulan Uulu ilə qarşılaşıb. Rəqibinə elə ilk hissədə tam üstünlüklə (9:0) qalib gələn millinin kapitanı dünya üçüncüsü olub.
Beləliklə, karyerasında 7-ci dəfə böyüklər arasında fəxri kürsüyə qalxan (4 qızıl, 3 bürünc) Əzizli bu göstəricidə Azərbaycan güləşinin yeni rekordçusu olub.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın 4 sərbəst güləşçisi medal qazanıb. Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq) və Osman Nurmaqomedov (92 kq) bürünc medala yiyələnib.










































































