
Azərbaycan Cüdo Federasiyasının (ACF) İmişli Cüdo Təlim Mərkəzi fəaliyyətə başlayıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, mərkəzin açılışında gənclər və idman naziri Fərid Qayıbov, İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, ACF-nin vitse-prezidenti Elnur Məmmədli, icraçı vitse-prezident Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov və digər şəxslər iştirak ediblər.
Müasir standartlara uyğun tatamilərlə təchiz edilmiş mərkəzin fiziki hazırlıq zonasında cüdoçuların fiziki inkişafının təmin edilməsi üçün lazımi idman avadanlıqları yer alıb. Tataminin ümumi ölçüsü 200 kv.m sahəni əhatə edir. Bundan başqa, məşqçi və paltardəyişmə otaqları da mövcuddur. Zalda 200-dən çox idmançı cüdo ilə məşğul olacaq.
Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası 2022 - 2025-ci illərdə Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Zəngilan rayonunun Ağalı kəndi, Bakının Zirə qəsəbəsi, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər və cüdo zalları açılıb. Növbəti cüdo zalları isə Zaqatalanın Mosul kəndi, Şabran, Masallı, Cəlilabad, Qobustan və Siyəzəndə fəaliyyətə başlayacaq. Bakı və regionlardakı 158 idman zalına ACF 2022-ci ildən 11 400 tatami verilib və 2 200-dən çox gənc idmançıya pulsuz məşq imkanı yaradılıb.