
III MDB Oyunlarında karate üzrə qızıl medal qazanan Nuran Rzazadə şəhid Həsən Rzazadənin qardaşıdır.
Bu barədə Sportnet.az-a 67 kq çəki dərəcəsində çıxış edən idmançının özü açıqlama verib.
O, qələbəsini şəhid olmuş qardaşına həsr etdiyini bildirib.
N.Rzayev şəxsi məşqçisinin bibisi oğlu, tanınmış karateçi Asiman Qurbanlı olduğunu əlavə edib.
Qızıl medalçı özünün hazırda əsgər olduğunu diqqətə çatdıraraq, fəxri kürsüdə əsgər salamı verməsini bununla əlaqələndirib.
Qeyd edək ki, Həsən Vüqar oğlu Rzazadə 15 iyun 1994-cü ildə Sumqayıt şəhərində anadan olub. O, Azərbaycan Müdafiə Nazirliyinin Sülhməramlı Qüvvələrinin baş leytenantı kimi 44 günlük Vətən müharibəsində iştirak edib. 29 oktyabr 2020-ci ildə Qubadlının azad edilməsi uğrunda gedən döyüş əməliyyatları zamanı şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni, həmçinin "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.