“Azərbaycan milli komandasının baş məşqçisi seçildiyim üçün çox xoşbəxtəm".
Sportnet.az-ın məlumatına görə, bunu yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi Məhəmməd Bəna təyinatı barədə federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
Dünyaca tanınmış mütəxəssis qarşıya qoyulan hədəflərdən danışıb: "Azərbaycan komandası çox böyük bir komandadır və uzun illərdir dünya miqyasında medallara sahibdir. Bu iş mənim üçün çox çətindir, lakin seçilmiş məşqçi heyəti ilə birlikdə böyük əzmlə çalışırıq. Heyətimizdə üç iranlı və üç azərbaycanlı məşqçi var. Gələcəkdə komandamıza başqa mütəxəssislərin də qoşulması nəzərdə tutulur. Ümid edirəm ki, Azərbaycan güləşinin səviyyəsini qoruyub saxlaya və onu daha da inkişaf etdirə biləcəyik. 23 ildir gözlənilən bir medal var. İndi isə ümid edirik ki, bundan da artıq nəticə əldə edərək Olimpiya qızıl medalını qazana biləcəyik. Hazırladığımız proqramlar vasitəsilə güləşin keyfiyyəti günbəgün daha da yüksələcək".
Bəna olimpiya "qızıl"ına gedən yol barədə də fikirlərini bölüşüb: "Azərbaycan Güləş Federasiyasının hörmətli rəhbərliyi ilə apardığımız danışıqlarda əsas məqsədimiz tam aydındır. Biz bütün diqqətimizi Olimpiya qızıl medalına yönəltmişik. Bu yolda iki böyük sınağımız var və istəyirik ki, onları da uğurla başa vuraq. Əsas hədəfimiz olimpiadaya qədər qalan bu iki il ərzində düzgün və uğurlu bir yol keçməkdir. Yolumuz müxtəlif uğurlarla müşayiət olunacaq, lakin nəticədə Olimpiya qızıl medalına çatmaq istəyirik. Burada olduğum və bu böyük məsuliyyəti daşıdığım üçün çox xoşbəxtəm”.











































































