Ukraynalı sərbəst güləşçi Artur Kostyuk Serbiyada keçirilən U-23 Avropa çempionatının mükafatlandırma mərasimində etiraz aksiyası ilə diqqət çəkib.
Sportnet.az xəbər verir ki, gənc idmançı 86 kq çəki dərəcəsində bürünc medal qazandıqdan sonra Rusiya himni səsləndirilən zaman tribunada arxasını bayraqlara tərəf çevirib.
Kostyuk üçüncü yer uğrunda görüşdə moldovalı güləşçi Marius Retko üzərində 4:3 hesablı qələbə qazanıb. Bu çəki dərəcəsində Avropa çempionu isə rusiyalı Bozigit İslamgereyev olub. İslamgereyev yarımfinalda Azərbaycan güləşçisi Vasif Xudiyevi məğlub edib. Xudiyev bürünc medal görüşündə isə Fransa təmsilçisi Raxim Maqamadova uduzaraq, 5-ci yerlə kifayətlənib.
Bildirilir ki, yarışda rusiyalı idmançıların milli bayraq və himn altında çıxışına icazə verilməsi ukraynalı güləşçinin narazılığına səbəb olub. Mükafatlandırma mərasimində Rusiya himni səslənərkən 18 yaşlı idmançı podiumdakı yerini tərk edərək bayraqlara arxasını çevirib və bununla etirazını nümayiş etdirib.
Hadisədən sonra Rusiya Güləş Federasiyasının birinci vitse-prezidenti Georgi Bryusov Dünya Güləş Birliyinin (UWW) texniki nümayəndəsinə müraciət edərək ukraynalı idmançının davranışına qiymət verilməsini istəyib.
Rusiyalı funksioner sosial şəbəkə paylaşımında Kostyukun podiumu tərk etməsinin guya Rusiya bayrağına və hətta Ukrayna bayrağına hörmətsizlik olduğunu iddia edib. Rusiyanın bəzi KİV-ləri isə hadisəni “beynəlxalq qalmaqal” kimi təqdim edib.
Bryusov eyni zamanda bildirib ki, UWW-nin daxili qaydalarına görə, müəyyən hallarda ukraynalı idmançıların rusiyalı qaliblərin mükafatlandırılması zamanı podiumu tərk etməsinə icazə verilir.









































































