Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatının üçüncü günündə Azərbaycanın 4 cüdoçusu tatamiyə çıxıb.
Sportnet.az xəbər verir ki, üç çəkidə 3 kişi və 1 qadın cüdoçudan yalnız biri medal görüşlərinədək irəliləməyi bacarıb.
Bu, kişilərin 81 kq çəki dərəcəsində çıxış edən, 2025-ci il Avropa və dünya çempionatlarının bürünc medalçısı Zelim Tçkayevdir. 27 yaşlı idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb. O, ardıcıl olaraq, sloveniyalı Naço Herkoviç, bolqarıstanlı George Qramatikov və serbiyalı Vasiliye Qruyiçiçi üstələyib. Beləliklə, yarımfinala yüksələn Tskayevə gürcüstanlı, üsqat Avropa və üçqat dünya çempionu, Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Tato Qriqalaşvili rəqib olub.
Rəqibinə qızıl xal bölümündə hakimlərin qərarı ilə uduzan Tskayev bürünc medal uğrunda görüşə çıxacaq. Onun rəqibi belçikalı Mattias Kasse olacaq.
Eyni çəkidə yer alan Ömər Rəcəbli isə ilk görüşündə Abdul-Kerim Tasuyevi yensə də, 1/8 finalda serbiyalı Vasiliya Qruyiçiçə uduzaraq, mübarizəni dayandırıb.
90 kq çəkidəki Murad Fətiyev 1/16 finalda rumıniyalı Aleks Kretə yenilərək, yarışla erkən vidalaşıb.
Qadın cüdoçu Südabə Ağayeva isə 1/32 finalda israilli Maya Goşeni, 1/16 finalda böyük britaniyalı Kelli Petersen Pollardı üstələyib. Lakin o, 1/8 finalda macarıstanlı Sofi Ozbaşa məğlub olaraq, çıxışını başa vurub.
Qeyd edək ki, ilk 2 yarış günündə Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb.