Dağıstanda qarışıq döyüş üzrə açıq çempionat çərçivəsində rusiyalı Vladimir Mineyevlə yerli idmançı Əziz Cüməniyazov arasındakı görüş zamanı kütləvi dava düşüb.
Sportnet.az-ın məlumatına görə, ikinci raundun sonlarında hər iki döyüşçü parterdə olduğu vaxt Cüməniyazov ayağa qalxaraq yerdəki Mineyevə təpik atıb.
Əvəzində o, başından yumruq zərbəsi alıb. Bununla da bir anda rinqə azarkeşlər doluşub. Onlar idmançıların qarşıdurmasına qoşulublar. Ara sakitləşdikdən sonra tərəflər bir-birilərindən üzr istəyərək, əllərini sıxıblar. MMA İttifaqının I vitse-prezidenti Radmir Qabdullin görüşün nəticəsinin ləğv olunduğunu və Cüməniyazovun yarışdan kənarlaşdırıldığını açıqlayıb.