Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının (AGF) Kuboku uğrunda ənənəvi beynəlxalq turnir start götürüb.
Sportnet.az-ın məlumatına görə, açılış mərasimində Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov və Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov ənənəvi yarışın əhəmiyyətindən danışıb. Bildirilib ki, belə turnirlərin keçirilməsi güləşçilərin təcrübəsinin artırılmasında və ən yaxşı idmançıların müəyyənləşdirilməsində önəmli rol oynayır.
AGF Kuboknda Azərbaycanla yanaşı, Tacikistan, Ukrayna, Özbəkistan, Latviya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxstan və Belarus pəhləvanları mübarizə aparır. İlk yarış günündə yunan-Roma güləşi üzrə yeniyetmələr arasında 122 pəhləvan yarışıb.
Azərbaycan yığması 3 qızıl, 1 gümüş və 7 bürünc medal qazanıb. Həsrət Cəfərov (42 kq), Zaur Əliyev (46 kq) və Cavidan Cavadov (63 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nihad Məmmədli (46 kq) finalda uduzubsa, Qurban Qurbanov (42 kq), Araz Şükürzadə (46 kq), Əsgər Əlizadə (50 kq), Nurağa Yusifli (54 kq), Həsən Məmmədli (58 kq), Fikrət Vəliyev (76 kq) və Sərxan Məmmədov (100 kq) 3-cü yerlə kifayətlənib.
Komanda hesabında Azərbaycan birinci, İran komandası ikinci, Gürcüstan komandası isə üçüncü olub.
Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunur.