Azərbaycan karateçiləri Danimarkanın Olborq şəhərində yeniyetmə və gənclər arasındakı Avropa çempionatında 4 qızıl, 1 bürünc medal qazanıblar.
Sportnet.az-ın məlumatına görə, yarışın son günündə Murad Hacızadə 84 kq çəkidə kumitedə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 4 görüşün heç birində xal buraxmayan komandanın lideri turnirin ən yaxşı idmançılarından biri olub. Hacızadənin çempionluğu ümumi komanda sıralamasında geriləyən Azərbaycan karateçilərini 4-cü pilləyə yüksəldib.
Yarışın əvvəlki günlərində Roman Heydərov (21 yaşadək gənclər, kata), Əminağa Quliyev (16-17 yaşlı gənclər, 61 kq), eləcə də Tale Yaqubov (14-15 yaşlı yeniyetmələr, kumite) ardıcıl ikinci dəfə qızıl medala, Hüseyn Məmmədli (14-15 yaşlı yeniyetmələr, kumite) isə bürünc mükafata sahib olub.