Serbiyanın Novi Sad şəhərində keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatına yekun vurulub. Sportnet.az-ın məlumatına görə, son yarış günündə sərbəst güləş üzrə Azərbaycan yığması daha 3 bürünc medal qazanıb.
61 çəki dərəcəsində Əsgər Məmmədəliyev ispaniyalı və macarıstanlı rəqiblərini məğlub edərək, adını yarımfinala yazdırıb. Onun finala yolunu Rusiya təmsilçisinı yenilib. Bürünc medal uğrunda görüşdə isə Məmmədəliyev belaruslu Vladislav Koykaya qalib gəlib.
Ötənilki dünya çempionu, 92 kq çəkidə yer alan Şamil Zubairov İtaliya və Ermənistan təmsilçiləri üzərində qələbə qazanaraq, yarımfinala yüksəlib. Lakin o, finala gedən yolda Ukraynadan olan həmkarına uduzub. Zubairov da Belarus güləşçisi Aleksey Rudzianoku məğlub edərək, bürünc medal qazanıb.
86 kq-da Hacımurad Məhəmmədsəidov və İslam Abuyev (125 kq) isə debütdə uduzublar. Məhəmmədsəidovun rəqibi finala yüksəldiyindən, yığma üzvü təsəlliverici görüşə çıxıb. O, italiyalı və almaniyalı rəqiblərinə heç bir şans verməyərək, bürünc medala layiq görülüb.
Qeyd edək ki daha əvvəl Davud İbrahimov (70 kq) da eyni nəticəni göstərib. Beləliklə, sərbəst güləş yığmamız Avropa çempionatını 4 bürünc medalla başa vurub.
U-23 Avropa çempionatı
Sərbəst güləş
61 kq
Bürünc medal görüşü - Əsgər Məmmədəliyev - Vladislav Koyka (BLR) 7:1
1/2 final - Əsgər Məmmədəliyev - Abashacı Məhəmmədov (RUS) 0:10
1/4 final - Əsgər Məmmədəliyev - Karoli Kiss (HUN) 10:0
Təsnifat - Əsgər Məmmədəliyev - Karlos Alvares İqlesias (ESP) 10:0
86 kq
Bürünc medal görüşü - Hacımurad Məhəmmədsəidov - Yohannes Martin Deml (GER) 8:4
Təsəlliverici görüş - Hacımurad Məhəmmədsəidov - Qabriele Doro (İTA) 10:0
1/8 final - Hacımurad Məhəmmədsəidov - Əli Musaləliyev (RUS) 0:5
92 kq
Bürünc medal görüşü - Şamil Zubairov - Aleksey Rudzianok (BLR) 12:0
1/2 final - Şamil Zubairov - Vasil Sova (UKR) 2:7
1/4 final - Şamil Zubairov - Sarqis Hovsepyan (ARM) 6:4
Təsnifat - Şamil Zubairov - Uilyam Raffi (İTA) 6:1
125 kq
1/4 final - İslam Abuyev - Georgi Noqayev (SVK) 0:2