Yaponiyada Beynəlxalq Cüdo Təhsili Proqramı üzrə seminarlar keçirilib.
Sportnet.az-ın məlumatına görə, dünya cüdosunun ən nüfuzlu tədbirlərindən olan təhsil proqramında müxtəlif ölkələrdən məşqçilər iştirak ediblər.
Onlar bir ay müddətində Yaponiyanın tanınmış cüdo mütəxəssislərinin rəhbərliyi ilə təşkil olunan seminarlarda bu idman növünün sirlərinə daha yaxından yiyələniblər.
Seminarda Azərbaycanı məşqçi Rafael Şahverdiyev təmsil edib. Ona Beynəlxalq Cüdo Təhsili Proqramının diplomu və birinci dan qara kəmər verilib.
R.Şahverdiyev CÜDO TV-yə açıqlamasında Azərbaycan Cüdo Federasiyasına (ACF) minnətdarlığını bildirib: “Mənə bu şəraiti yaratmaqda, ölkəmizə Yaponiyadan təhsil diplomunu gətirməkdə köməklik göstərən ACF-nin rəhbərliyinə minnətdarlığımı bildirirəm. Azərbaycanı burada təmsil etmək mənim üçün çox qürurverici idi”.