
Rusiya Azərbaycanlıları İttifaqı (RAİ) və Dünya Azərbaycanlıları İttifaqının (DAİ) prezidenti Füzuli Məmmədov rəhbəri olduğu təşkilatların aparat əməkdaşları ilə birlikdə Fransanın paytaxtı Parisdə səfərdədir.
Sportnet.az xəbər verir ki, səfərin proqramına əsasən nümayəndə heyəti iyunun 22-də Parisin Lya Vilette idman kompleksində azərbaycanlı idmançı Alim Nəbiyevlə yerli idmançı Sedrik Dumbe arasındakı qarşılaşmanı izləyəcək.
Qeyd edək ki, DAİ-nin təşkilati dəstəyi ilə Avropa və Rusiyanın müxtəlif bölgələrindən diaspor fəallarımızın idman hadisəsini izləməyə qatılacağı gözlənilir. Mühüm idman tədbirində Alim Nəbiyevə Azərbaycanın Fransadakı Səfirliyinin əməkdaşları da azarkeşlik edəcək. İyunun 22-də məşhur azərbaycanlı kikboksçu Zabit Səmədov da tədbirin fəxri qonağı kimi həmvətənimizi dəstəkləmək üçün Parisə gəlib. DAİ prezidenti Füzuli Məmmədovun Avropaya səfəri çərçivəsində Fransa, Avstriya və Benilüks ölkələrinin diaspor təşkilatlarının rəhbərləri ilə görüşləri planlaşdırılır. Diaspor təşkilatlarının DAİ ilə əməkdaşlığı görüşlərin əsas müzakirə mövzusu olacaq.