
Çinin Uxan şəhərində keçirilən Hərbçilərin VII Dünya Oyunlarında Azərbaycan cüdoçuları iki medal qazanıb.
Sportnet.az xəbər verir ki, Hidayət Heydərov (81 kq) və Məmmədəli Mehdiyev (90 kq) bürünc medala sahib olublar. Elmar Qasımov (100 kq) isə ilk görüşündə Çili təmsilçisi Oskar Alarkona ipponla qalib gəlib. Lakin 1/4 final mərhələsində fransalı Olivar Sedrikə məğlub olan Qasımov təsəlliverici görüşlərdə mübarizəni davam etdirəcək.
Boksçu Sərxan Əliyev (64 kq) ilk görüşündə şri-lankalı Racakaruna Bandaraya 5:0 hesabı ilə qalib gəlib. O, növbəti görüşünü oktyabrın 21-də braziliyalı Olivyera Vandersona qarşı keçirəcək.