ABŞ-ın peşəkar boks üzrə ağır çəkidə keçmiş dünya çempionları Mayk Tayson və Şennon Briqqs döyüş keçirməyə razılıq veriblər.
Sportnet.az-ın məlumatına görə, Briqqs "Daily Mail"ə açıqlamasında bu yaxınlarda Taysonla danışdığını söyləyib. 48 yaşlı idmançı bu danışığın rəsmi görüş keçirmək üçün aparıldığını bildirib: "Taysonla mən əlcək geyinəcək və döyüşəcəyik".
Qeyd edək ki, aprelin sonunda Mayk Tayson rinqə qayıtmaq istədiyini deyib. O, peşəkar boksdan 2005-ci ildə irlandiyalı Kevin Makbrayda uduzduqdan sonra gedib. 54 yaşlı idmançı karyerası ərzində 50 qələbə (44-ü nokautla) qazanıb və 6 dəfə uduzub.
Şennon Briqqs isə 68 döyüşündən 60-da 53-ü nokatla olmaqla, qələbə qazanıb. O, 6 dəfə məğlub olub, 1 görüş heç-heçə yekunlaşıb, daha 1-i isə baş tutmayıb. Briqqs 2016-cı ildə argentinalı Emilio Zarateni məğluv edərək rinqlə vidalaşıb.