Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarını 7 medalla başa vurub. Təbii ki, bu nəticə ölkə idmanı üçün yaxşı nəticə hesab olunmamalıdır. 1996-cı ildən sonra ilk dəfə olimpiada qızıl medalsız yekunlaşıb.
Mükafatçılardan biri - yunan-Roma güləşçisi Rafiq Hüseynov bürünc medal görüşündə Ermənistan təmsilçisi Karapet Çalyana qalib gəlməsindən çox, qarşılaşmadan sonra verdiyi açıqlama ilə gündəmə gəlib. Rəqiblərinə fərq qoymadığını deyən pəhləvan bunun idmanda düzgün yanaşma olmadığını söyləyib: "Ermənini udanda qəhrəman olursan. Onda belə çıxır ki, gərək, uduzanda xalq düşməni olasan. Əsas odur ki, medal qazanmışam. Mənim üçün bundan böyük qələbə yoxdur".
Təbii ki, Ermənistanla ən böyük savaş Vətən müharibəsində olub. O da Azərbaycan Ordusunun böyük qələbəsi ilə başa çatıb. Görəsən, müharibədən sonra iki ölkə idmançılarının qarşılaşmalarında prinsipiallıq nə dərəcədə dəyişib?
Elçin Cəfərov: "Onlara uduzanları ölkəyə buraxmayaq?"
Azərbaycan Güləş Federasiyasının (AGF) yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov "Report"a açıqlamasında heç bir rəqibə fərq qoymadıqlarını söyləyib: "Bizim qarşımıza çıxanların hamısı rəqibdir. Onların içində erməni, rus, fars, ərəb və digər millətlərin nümayəndələri də var. Təmsilçilərimizlə görüşə kim çıxırsa, o idmançı da rəqib olur. Erməni ilə görüşdən sonrakı qələbənin və ya məğlubiyyətin üzərində ajiotaj yaradırlar. Təbii ki, mən də bunun işıqlandırılmasının əleyhinəyəm, İdmançılarımız onların üzərində dəfələrlə qələbələr qazanıblar. Amma onların da qalib gəldikləri anlar olur. Belə çıxır ki, uduzanları ölkəyə buraxmayaq? Onlarla münasibət olmasın? Belə bir yanaşma, əlbəttə, düzgün deyil. Bu, idmandır. Kim necə hazırlaşırsa, həmin hazırlığa uyğun da qarşılaşmaya çıxır. Rəqiblərin də arasında güclü idmançılar ola bilər. Bizimkilərdən də gözəl qələbələr qazananlar var. Kimliyindən asılı olmayaraq hamısı idmançılarımıza rəqibdir".
Federasiya rəsmisinin fikrincə, idman müəyyən hallarda siyasiləşdirilir: "Burada da ölkələrin mübarizəsi gedir. Kimin hansı gücə sahib olduğu görünür. Azərbaycanda 90-dək idman federasiyası fəaliyyət göstərir və onların hər birinin beynəlxalq arenada qazandığı uğur millətimiz və xalqımız üçün qələbədir. Ancaq bunu hərdən siyasiləşdirirlər. Bu, idmandır, rəqabətdir. Kim müasir hazırlıqları keçsə və tələblərə cavab versə, təbii ki, qalib gələcək. Biz də çalışmalyıq ki, həmişə qalib gələnlər sırasında olaq. Mən bunu belə qəbul edirəm".
E.Cəfərov "Vətən müharibəsindən sonra iki ölkə təmsilçiləri arasında prinsipiallıq azalıb, yoxsa artıb" sualına belə cavab verib: "Bunu Ermənistanda olanlar yaxşı bilərlər. Ermənistan dünya və Avropa çempionatlarında, başqa idman növlərində çox az təmsil olunur. Orada ancaq güləş növləri və ağırlıqqaldırma məşhurdur. Onlarda cüdo və boks bizimki kimi deyil. Tokioda boksçu Cavid Çələbiyev hakimlərin riyakarlığı və satqınlığı ucbatından erməniyə uduzdu. Bizdə 10 - 12 idman növündən olimpiadada 44 idmançı var idi. Ermənistanda isə tərkib və say az idi. Vətən müharibəsindən əvvəl də, həmin dönəmdə də, sonra da bizim onlarla mübarizələrimiz davam edib, edəcək. Açıq və ya gizli şəkildə - bunun fərqi yoxdur. Bu mübarizə davam edir və edəcək. Çalışmaq lazımdır ki, yaxşı hazırlaşıb bütün yarışlarda və turnirlərdə qalib gələsən. Onun bir yolu var. Dəmir nizam-intizam və güclü iradə ilə hər bir rəqibə qalib gəlmək olar".
Cavid Çələbiyev: "Rəqibin Ermənistan və ya başqa ölkədən olması əsas deyil"
Tokio olimpiadasında Ermənistan təmsilçisi Ovanes Baçkovla keçirdiyi 1/8 final görüşündən məğlub ayrılan Cavid Çələbiyev "Report"a 2016-ci ildə Türkiyənin Samsun şəhərində başqa erməni idmamçısı ilə üz-üzə gəldiyini və həmin rəqibini məğlub etdiyini xatırladıb: "Həmin vaxt Rio-2016 olimpiadasına lisenziya turniri keçirilirdi. Tam üstünlüklə qələbə qazanmışdım. Erməni idmançılarla çox üz-üzə gəlməmişəm. Tokioda ikinci dəfə idi. İdmançının Ermənistandan və ya başqa ölkədən olması əsas deyil. Əsas odur ki, qalib gəlməyi düşünməlisən. Başqa rəqiblərə necə yanaşırdımsa, Baçkova da elə yanaşırdım. Mənim üçün rəqibin kim olmasının fərqi yoxdur. Yeganə istəyim odur ki, rinqdə qarşıma çıxana sözümü deyib qalib gəlim. Başqa heç nə. Axırıncı döyüşümdə də buna hakimlər icazə vermədilər. Beş hakimdən birinin səhvi nəticəyə təsir edir".
Dünya çempionu iki ölkə idmançıları arasındakı prinsipiallığın artması və ya azalması barədə dəqiq fikirdə olmadığını bildirib: "Hamının öz psixologiyası və düşüncəsi var. Kimsə bu prinsiplə görüşə çıxa bilər. Bəziləri isə rəqibə adi idmançı kimi yanaşır. Bu, insanların müxtəlif düşüncəsindən asılıdır. Mənim özümdə prinsipiallıq var idi. Çünki qarşımdakı ən azından bizə düşmən olan ölkənin idmançısı idi. İstənilən azərbaycanlı idmançı erməni rəqibi ilə qarşılaşanda ağlına gəlir ki, bu, düşmən tərəfdir və başqalarını bir döyürəmsə, onu ikiqat döyməliyəm. Bu, istənilən idmançının psixologiyasında var. Mən də o fikirlə qalib gəlməyə çalışırdım və qələbəyə doğru gedirdim. Amma necə edə bilərəm? Hakimlər haqqımı yedilər".
Sənan Şəfizadə: "Bəzi həmkarlarımız İP dalınca qaçır"
Tanınmış jurnalist Sənan Şəfizadə isə "Report"a bildirib ki, idmanda düşmən yox, rəqib var: "Rafiq Hüseynovdan o açıqlamanı eşidəndə fərəhləndim. Bu məqam bizim idmançımıza, təmsilçimizə böyük təzyiq yaradır. Bəzən hansısa idman növündə idmançımız qalib gəlir və mətbuat həmin qələbəni çox şişirdir. Çünki rəqib ermənidir. Bu, idmançıya gələcək yarışlara hazırlaşmaq üçün problem yaradır. İdmanda məğlubiyyət də var və erməni idmançıya da uduza bilərik. Belə olan halda isə idmançıya çox psixoloji zərbə dəyir".
Bəzi azərbaycanlı idmançıların erməni rəqibinə uduzduqdan sonra özünü toparlamaqda çətinlik çəkdiklərini deyən Şəfizadənin fikrincə, əsas məsələ rəqibin kimliyi deyil, onun üzərində qazanılan qələbədir: "Bu tendensiyanı yığışdırmaq lazımdır. Belə çıxır ki, ermənini məğlub edəni göylərə qaldırıb xalq qəhrəmanı ediriksə, uduzan xalq düşməni olmalıdır? Beynəlxalq Olimpiya Komitəsi, Dünya Güləş Birliyi, Beynəlxalq Şahmat Federasiyası (FIDE - red.) və digər qurumların nizamnamələrində belə bir bənd var: Yarış zamanı idman prinsiplərinə əsasən hər hansı rəqibi millətə, irqə ayırmaq qəti qadağandır. 2019-cu ildə Azərbaycan və Ermənistan müharibə şəraitində yaşayırdı. Azərbaycan şahmatçıları heç vaxt erməni rəqibləri ilə oyundan qaçmır. Amma İran və İsrail şahmatçıları bir-biri ilə oynamır, çox vaxt görüşə bilmirlər. Bu səbəbdən, FIDE Azərbaycan şahmatçılarını nümunə göstərdi. Həmin vaxt bildirildi ki, İran, İsrail və Fələstin idmançılarında bu cür hallar davam etsə, onlar sərt cəza ilə üzləşəcəklər".
O, həmkarlarını bu mövzuda diqqətli olmağa çağırıb: "Bəli, erməni idmançılarla prinsipiallıq var: Onlara uduzmaq olmaz. Həqiqətən Azərbaycan idmançıları da bunu başa düşür. Onlar Ermənistan təmsilçisinə qarşı ikiqat əzmlə hazırlaşır. Məsələn, Rafiq Hüseynovun atası Radik Hüseynov mənə dedi ki, oğlum gecə yatmayıb. Rafiq həm də bilirdi ki, erməniyə uduzsa, nələr yaşaya bilər. Amma idmanda həmişə qələbə qazanmaq olmur. Ad çəkmək istəmirəm. Bəzən erməniyə uduzan təmsilçilərimiz ciddi psixoloji sarsıntıya məruz qalır. Tokio olimpiadasında bir boksçumuz - Cavid Çələbiyev erməni idmançısına uduzdu. Bəzi sosial şəbəkələrdə boksçular və güləşçilərin ermənilər üzərində köhnə qələbələri paylaşıldı və reklama qoyuldu. Bu, idmana ziddir. Erməniyə uduzduq deyə, idmandan getməliyik? Biz qalib dövlətik. Amma başa düşmək lazımdır: Heç bir idmançı daim rəqib üzərində qələbə qazana bilməz, məğlubiyyət də var. Həmkarlarıma müraciət edirəm ki, bu məsələlərdə daha diqqətli olaq. Saytlardan biri başlıq qoyub ki, Rafiq Hüseynov ermənini böyrü üstə qoydu. Bu nədir axı? Onun bürünc medal qazanması vacib idi. Bəzi saytlarımız və həmkarlarımız IP dalınca qaçır".