“Turan Tovuz”un futbolçusu Faiq Hacıyev komandasının Azərbaycan Premyer Liqasının 31-ci turunda “Karvan” üzərində qazandığı vacib qələbədən sonra Sportnet.az-a müsahibə verib.
Təcrübəli futbolçu əvvəlcə avrokuboklara vəsiqə qazanmaları ilə bağlı danışıb:
“Əlbəttə, çox sevincliyik. Neçə illərdən sonra Tovuz xalqını sevindirdiyimiz üçün xoşbəxtik. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq və bundan sonra da “Turan Tovuz”u daha yaxşı yerlərə aparmaq üçün əlimizdən gələni edəcəyik”.
Faiq Hacıyev komandanın baş məşqçisi Kurban Berdiyev barədə də fikirlərini bölüşüb:
“Nəticələrinə və işlədiyi komandalarda gördüyü işlərə baxanda onun necə məşqçi olduğu bəllidir. Mənim əlavə nəsə deməyim düzgün olmaz”.
O, gələcək taleyinə də toxunub. Hacıyev növbəti mövsüm də “Turan Tovuz”da qalmaq istədiyini bildirib:
“Mənim 1 illik müqaviləm var. Ümid edirəm ki, gələn mövsümdə də komandada qalacağam”.



















































































