
Yeniyetmə və gənc karateçilərdən ibarət Azərbaycan milli komandasının üzvləri Türkiyənin Konya şəhərindəki dünya çempionatında ilk medalları qazanıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Fərid Savadov (16-17 yaşlı gənclər, 55 kq) dünya çempionu olub. İsmayıl Xamoyev (14-15 yaşlı yeniyetmələr, 52 kq), Rəşid Süleymanov (16-17 yaşlı gənclər, 68 kq) yarışın bürünc medalını qazanıb.
Bu gün 21 yaşadək gənclərdən Əminağa Quliyev (60 kq) final, Nuran Rzazadə (67 kq), Hüseyn Hüseynzadə (84 kq) və Osman Osmanlı (+84 kq) isə bürünc medal uğrunda döyüşlərə qatılacaq.
Qeyd edək ki, sayca XII dünya çempionatına 105 ölkədən 1830 karateçi qatılıb. 3 yaş qrupuna bölünən idmançılar 35 kateqoriya üzrə 140 medal uğrunda mübarizə aparır.