Qəbələdə stend atıcılığı üzrə Azərbaycan çempionatı keçirilib. Sportnet.az-ın məlumatına görə, yarışın açılışında "Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərov və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Hafiz Cəfərov da işrirak ediblər.
Mükafatlar uğrunda 30-a yaxın idmançı mübarizə aparıb. 2000-ci il Sidney Yay Olimpiya Oyunlarının qalibi Zemfira Meftahəddinova, "Qəbələ” Atıcılıq Klubunun vitse-prezidenti Elvin İsmayılov, Azərbaycan Atıcılıq Federasiyasının İcrayyə komitəsinin üzvü, "Qəbələ" Atıcılıq Klubunun texniki meneceri Emin Cəfərov, dünya kubokunun finalçısı, Azərbaycan rekordçusu, "Qəbələ” Atıcılıq Klubunun nümayəndəsi Nurlana Cəfərova, habelə Azərbaycanın ilk beynəlxalq dərəcəli idman ustası, beynəlxalq yarışların qalibi Xanhüseyn Bağırov, beşqat Azərbaycan çempionu Elçin Babayev və Paşa Əhədpur kimi atıcılıq idmanının tanınmış simaları da yarış iştirakçıları arasında olublar.
Qaliblərə gəldikdə dairəvi sistem üzrə kişilərin mübarizəsində Azərbaycan milli komandasının baş məşqçisi Hafiz Cəfərovun oğlu Emin Cəfərov qızıl medal qazanıb. Onun həyat yoldaşı Nurlana Cəfərova isə qadınların yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Səngər stendində isə kişilərdən Elçin Babayev, qadınlardan Аlina Rafikxanova birinci olub.
Qeyd edək ki, Emin Cəfərov və Аlina Rafikxanova skit və trap növlərində Azərbaycan rekordunu təzələyiblər.