Milli Olimpiya Komitəsində "Bakı 2015" I Avopa Oyunlarının bayraqdarına Azərbaycan bayrağının təqdimetmə mərasimi keçirilib. Sportnet.az-ın məlumatına görə, tədbirdə Olimpiya çempionları Nazim Hüseynov, Namiq Abdullayev və Fərid Mansurov çıxış edərək, əvvəlki Yay Olimpiya Oyunlarında Azərbaycan bayrağını daşıma şərəfinə nail olduqlarını xatırladıblar.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, eləcə də gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovun çıxışlarından sonra yeni bayraqdarın adı açıqlanıb. Bu, 2015-ci ildə cüdo üzrə keçirilmiş bütün mötəbər yarışlarda qızıl medal qazanmış "Neftçi" İdman Klubunun yetirməsi Elmar Qasımovdur. E.Qasımova Azərbaycan dövlət himninin sədaları altında bayraq təqdim olunub. O isə bayrağı Atletlər Kəndinə aparıb.
Qeyd edək ki, Azərbaycan yığmasının bayraqdarı iyunun 12-də Bakı Olimpiya Stadionunda keçiriləcək I Avropa Oyunlarının Açılış mərasimində bayrağı daşıyacaq. ("Report")