
Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununu keçirib .
Sportnet.az xəbər verir ki, C Divizionunda mübarizə aparan yığma I qrupdakı 4-cü matçında Slovakiya seçməsini qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb - 3:1.
Matçda hesabı 15-ci dəqiqə qonaqlar açıblar. Millimizin heyətində Rahil Məmmədov avtoqol müəllifi olub. 38-ci dəqiqədə Toral Bayramov dəqiq baş zərbəsi ilə tarazlığı bərpa edib. 70-ci dəqiqədə Mahir Emreli ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Bundan 5 dəqiqə sonra Slovakiya yığması ikinci topu millimizin qapısından keçirib. Lukaş Haraslin fərqlənib. Oyunda son nöqtəni isə 87-ci dəqiqədə David Duriş qoyub.
Qeyd edək ki, 4 turdan sonra xalı olmayan Azərbaycan millisi sonuncu, 10 xalı olan Slovakiya komandası isə 1-ci pillədə qərarlaşıb.
Qrupun digər matçında İsveç seçməsi Estoniyanı sınağa çəkəcək.
Millətlər Liqası
C liqası, I qrup
IV tur, 14 oktyabr
20:00 Azərbaycan – Slovakiya - 1:3
Qollar: Toral Bayramov, 38 - Rahil Məmmədov, 15 (öz qapısına). Lukaş Haraslin, 75. David Duriş, 87
Qırmızı vərəqə: Mahir Emreli, 70
Baş hakim: Rohit Saqqi (Norveç)