![](https://sportnet.az/uploads/posts/2024-08/1722699801_turan-tovuz.png)
"Turan Tovuz" klubu AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekerə müraciət edib.
Sportnet.az xəbər verir ki, Qərb təmsilçisi Azərbaycan Premyer Liqasının XXII turunun "Sabah"a səfərdə 1:2 hesabı ilə məğlub olduqları oyunda hakim qərarlarından narazılıq edib.
Klubun mübahisəli epizodlarla bağlı paylaşımında deyilir: "Mövsüm ərzində artıq neçənci dəfədir hakim səhvləri ilə xal və ya xallardan məhrum oluruq. Son oyundan olan epizodları sizin ixtiyarınıza buraxırıq. AFFA Hakimlər Komitəsinin sədri cənab Frank De Blekerin "Sabah" - "Turan Tovuz" oyununda hakimliklə bağlı fikirlərini səbrsizliklə gözləyirik. Hər zaman qeyd etdiyimiz kimi, təmiz futbol, ədalətli qərarlar tələb edirik"!
Daha əvvəl "Turan Tovuz" klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev Bakıda "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında AFFA Hakimlər Komitəsindən razılığını bildirmişdi: "Hakimlər Komitəsində olan dəyişikliklər çempionatın baxımlı olmasında xüsusi rol oynayıb. Gözəl günlərimiz qarşıdadır".