
"Turan Tovuz" Premyer Liqanın XXIV turunda bu gün "Şamaxı"ya qarşı keçirilməli olan səfər oyunu barədə bəyanat yayıb.
Sportnet.az xəbər verir ki, bəyanatda matçın şəffaf keçiriləcəyinə dair şübhələrin olduğu və bunun üçün PFL-ə müraciət edildiyi bildirilib.
"Bu gün Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində saat 14:30-da Şamaxı şəhər stadionunda “Şamaxı” - “Turan Tovuz” oyunu baş tutmalıdır. Ancaq hava şəraiti səbəb kimi göstərilərək oyunun canlı yayımının baş tutmayacağı və VAR-ın olmayacağı dəqiqləşib. Bu səbəbdən klub olaraq rəsmi şəkildə oyunun təxirə salınması üçün Peşəkar Futbol Liqasına müraciət etmişik. Bir daha bəyan edirik ki, VAR sisteminin və canlı yayımın olmayacağı oyunun şəffaf keçiriləcəyinə dair şübhələrimiz var. Qeyd etmək istəyirik ki, bir neçə gün öncədən hava şəraitinin kəskin dəyişəcəyi haqda rəsmi proqnoz verilməsinə və bu haqda PFL-ə rəsmi məlumat verməyimizə baxmayaraq bu hadisələr baş vermişdir" - qeyd olunub.